Təhsil Nazirliyi məktəblərə 30 gün vaxt verdi

   Təhsil Nazirliyi məktəblərə 30 gün vaxt verdi
  12 Aprel 2019    Oxunub:13002
Məktəb həyatını, bütövlükdə məktəbin müəyyən edilmiş hədəflərə yönələn fəaliyyətini təhsil prosesi iştirakçılarının qarşılıqlı əməkdaşlığını təmin etmədən təsəvvür etmək mümkün deyil.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Elina Hacıyevanın intihar etməsi ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsil prosesində keyfiyyətə nail olmaq üçün “məktəb-valideyn”, “müəllim-şagird”, “məktəb-müəllim-valideyn” əlaqələrinin düzgün tənzimlənməsi zəruri şərt hesab olunur.

"Bu prosesdə hər bir tərəf öz məsuliyyətini dərk etməli, onu icra etməlidir. Məktəb rəhbərliyi təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanması, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində müəllim və valideynlərlə birlikdə müvafiq iş aparmalı, təlimdə çətinlikləri, emosional, davranış və digər problemləri olan təhsilalanlarla qrup və fərdi fəaliyyətlər planlaşdırmalı, psixoloji problemlərinin yaranma riski yüksək olan təhsilalanların ailə və sosial vəziyyəti ilə tanış olmalı, valideynlərlə mütəmadi görüşlər və maarifləndirmə tədbirləri keçirməli, sosial-məişət çətinlikləri olan təhsilalanların təhsili və inkişafının dəstəklənməsi məqsədilə məktəbəsaslı inkişaf planları hazırlamalı və ailələrlə birlikdə icra olunmasını təmin etməlidir".

C.Bayramov bu baxımdan məsələyə daha sistemli yanaşaraq, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərinə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin, bu məsələlərlə bağlı ümumtəhsil müəssisələrində olan mövcud vəziyyəti təhlil edərək nəticələri barədə hesabatı, müvafiq sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri 30 gün ərzində Təhsil Nazirliyinə təqdim edilməsinin tapşırıldığı da bildirib.

"Nazirlik tərəfindən bu sahədə bəzi yeniliklərin edilməsi planlaşdırılır, o cümlədən məktəbdə şagirdlər arasında münasibətlərin tənzimlənməsi, sağlam mühitin yaradılması istiqamətində ictimai müzakirələr və məsələyə diqqətin cəlb edilməsi çox vacibdir. Yeniliklər arasında həmçinin məktəbdə bu və ya digər zorakılığa məruz qalmış şagird və ya valideyn tərəfindən birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı yaradılacaq “Qaynar xətt”lərə müraciət etməsi imkanı yaradılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Ceyhun-Bayramov  





Xəbər lenti