XİN nazirlərin görüşü barədə məlumat yaydı

 XİN nazirlərin görüşü barədə məlumat yaydı
  15 Aprel 2019    Oxunub:3676
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü barədə məlumat yayıb.
Azvision.az xəbər verir ki, açıqlamada deyilir:

"Bu ilin aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, cari ilin 29 mart tarixində Vyanada baş tutmuş Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar.

Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib".

Azvision.az


Teqlər: XİN   Moskva  





Xəbər lenti