Nazirlərdən Moskva görüşü ilə bağlı birgə bəyanat - Yenilənib

  15 Aprel 2019    Oxunub : 2448
 Nazirlərdən Moskva görüşü ilə bağlı birgə bəyanat - Yenilənib
Moskva görüşünün iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının başlıca aspektləri barədə hərtərəfli fikir mübadiləsi aparıblar. Həmçinin, Ermənistan və Azərbaycan sərhəddində, eləcə də qoşunların təmas xəttindəki mövcud vəziyyəti, humanitar sahədə qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə ediblər.
Azvision.az Rusiya XİN-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın paytaxtı Moskva şəhərində görüş keçirən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı yaydıqları birgə bəyanatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə həlli istiqamətində səylərini davam etdirmək niyyətlərini təsdiqləyiblər. Üç ölkənin XİN rəhbərləri, eləcə də ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin, xüsusən də kənd təsərrüfatı fəaliyyəti zamanı gələcəkdə sabit qalmasında maraqlı olduqlarını vurğulayıblar.

“Tərəflər həmçinin, hər iki ölkə ərazisində saxlanılan əsirlərin yaxınlarının onlarla görüşməsi üçün qarşılıqlı əsasda tədbirlər həyata keçirmək barədə razılığa gəliblər. Nazirlər kütləvi informasiya vasitələri nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması istiqamətində praktiki işlərin başladılmasına hazır olduqlarını da bildiriblər” – bəyanatda bildirilib.

Eyni zamanda, Rusiya XİN rəhbəri və ATƏT-in Minsk qrupunun həmsədrləri regionda dayanıqlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasına sadiq olduqlarını bəyan ediblər. Görüşün iştirakçıları qarşılıqlı təmasları yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: