“Xanım din xadimlərinə ehtiyac getdikcə artır” - Mübariz Qurbanlı

  16 Aprel 2019    Oxunub : 2178
“Xanım din xadimlərinə ehtiyac getdikcə artır” - Mübariz Qurbanlı
Məscidlərdə çalışan din xadimlərinə və dini icmalarda fəallıq göstərən qadınlara maddi dəstək verilir.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən artıq din xadimi maddi dəstək alır və onların arasında qadınların sayı çox azdır.

"Fond vasitəsilə müəyyən layihələr həyata keçirilir. Bu layihələrdə dini icmalar yaxından iştirak edirlər. Azərbaycanda din sahəsində çalışan və icma rəhbəri olan xanımlar var. Qadınların dini xarakterli məclislərdə iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstutunda kadrların hazırlığı aparılır".

M.Qurbanlı qeyd edib ki, bizdə məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur: "Gələcəkdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi dinimizə və Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır və praktikada hələlik tətbiq olunmur. Xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak edə bilərlər. Hazırda bu cür məclisləri idarə edən xanımlar da var. Bütövlükdə, bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Komitə, həm də QMİ tərəfindən müzakirə olunur".

Aytən Zəhra
Azvision.az

Teqlər: QMİ   Mübariz-Qurbanlı