“Hamımız “Brexit”dən bezmişik artıq...” - Donald Tusk

  16 Aprel 2019    Oxunub : 1137
 “Hamımız “Brexit”dən bezmişik artıq...” - Donald Tusk
Avropa İttifaqına (Aİ) üzv 27 ölkə Böyük Britaniyanın İttifaqdan ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişi ətrafında yaranan böhrandan artıq bezib.

Azvision.az xəbər verir ki, bunu Aİ Şurasının prezidenti Donald Tusk bəyan edib.
“Özüm də daxil olmaqla, artıq Aİ-da və Britaniyada hər kəsin “Brexit”dən bezdiyini bilirəm və bunu anlayışla qarşılayıram. Amma bezməyimiz “Brexit” məsələsinə ayıq fikirlə yanaşılması reallığını dəyişmir. Aİ Şurası Britaniyadan gələcəkdə necə addım atacağına dair qəti mesaj gözləyir. Biz 31 oktyabradək Britaniyaya əlavə vaxt verdik. Bu müddət mövcud vəziyyətə bir çözüm tapması üçün Londonu yetərli zaman və əlverişli siyasi mühitlə təmin edəcək” – Tusk vurğulayıb.

Tusk onu da bildirib ki, “Brexit” tarixinin yenidən 6 ay müddətinə təxirə salınması həm də Aİ-nın fikrini ticarət və Avropa Parlamenti seçkiləri kimi vacib məsələlərə cəmləşdirməsinə imkan verəcək.

Qeyd edək ki, 10 apreldə Brüsseldə davam edən bir neçə saatlıq gərgin müzakirələrdən sonra Aİ-na üzv 27 ölkənin liderləri “Brexit” tarixinin yenidən və uzun müddətə təxirə salınması məsələsini razılaşdırıblar. Sammitdən sonra çıxış edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bəyan edib ki, Britaniya ən gec oktyabrın 31-dək Avropa İttifaqı ilə vidalaşmalı və ölkə parlamenti “Brexit” sazişini təsdiqləməlidir. Əks təqdirdə, noyabrın 1-də sazişsiz “sərt Brexit” qaçılmaz olacaq. Bu, Londona verilən son şansdır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Brexit   Avropaİttifaqı