İran parlamenti ABŞ ordusunu terrorçu elan edən qanunu təsdiqlədi

  16 Aprel 2019    Oxunub : 1438
 İran parlamenti ABŞ ordusunu terrorçu elan edən qanunu təsdiqlədi
İran parlamenti Vaşinqtonun İranın İnqilab Keşikçiləri Korpusunu ABŞ-ın xarici terror qruplaşmaları siyahısına salmasına cavab olaraq, ABŞ Silahlı Qüvvələrinin Yaxış Şərqdəki komandanlığını (CENTCOM) və regionda fəaliyyət göstərən bütün digər hərbi-kəşfiyyat birləşmələrini terror təşkilatı elan edən qanun layihəsini təsdiqləyib.
Azvision.az İranın dövlət televiziyasına istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 204, əleyhinə 2 deputat səs verib. Bir nəfər isə bitərəf qalıb.

Qanunda ABŞ hərbçiləri terrorçu olaraq təsdiqlənməklə yanaşı, Amerikanın Yaxın Şərqdəki qoşunlarına edilən istənilən növ maliyyə, texniki, təlim və logistik yardım terrora dəstək kimi qiymətləndirilir.

Səsvermədən sonra çıxış edən İran parlamentinin sədri Əli Laricani “Məclisimiz bu qanunu mütləq çoxluqla qəbul edərək, milli təhlükəsizlik mövzusunda ABŞ və düşmənlərinə qarşı vahid səs olduğunu ortaya qoydu” deyib.

İranın müdafiə naziri Əmir Hatəmi isə bildirib ki, bu cür əzici səsvermə ilə deputatların birlik göstərməsi ABŞ-ın İrana qarşı sanksiya siyasətinin təsirsiz olduğunu sübut edir.

Bəzi deputatlar isə hətta ABŞ-ın bütün Silahlı Qüvvələrinin terror təşkilatı elan edilməsini təklif ediblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 8 apreldə İnqilab Keşikçiləri Korpusunun terror qruplaşmaları siyahısına salındığını bəyan edib və bu qərar ötən gün rəsmən qüvvəyə minib. Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, bu addımla Vaşinqton İrandakı rejimə maksimum təzyiq edilməsinə sadiq olduğunu nümayiş etdirir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran   ABŞ