Bu gün Bakıda Xorvatiya səfirliyinin açılışı olacaq

  29 Aprel 2019    Oxunub : 1150
Bu gün Bakıda Xorvatiya səfirliyinin açılışı olacaq
Xorvatiya tərəfi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak etməkdə maraqlıdır. Enerji sahəsində əməkdaşlığı gücləndirməyi müzakirə etdik. Nəqliyyat sahəsində əməkdaşlığı da gücləndirməliyik. İnfrastruktur baxımdan xeyli imkan var. Xorvatiya tərəfi də bunu dəstəkləyir və qəbul edir
Azvision.az -ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriçlə birgə mətbuat konfransında deyib. Nazir xatırladıb ki, iki ölkə arasında 2013-cü ildə strateji əməkdaşlıq haqqında saziş imzalanıb. E. Məmmədyarov, həmçinin bildirib ki, bu gün Azərbaycanda Xorvatiyanın səfirliyinin açılışı olacaq.

O, həmçinin vurğulayıb ki, Xorvatiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında nizamlanması ilə bağlı mövqeyini dəfələrlə ifadə edib.

Xorvatiya baş nazirinin müavini, Xarici İşlər və Avropa məsələləri naziri, xanım Mariya Peyçinoviç Buriç isə bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla siyasət və enerji baxımından ortaq mövqedən çıxış edir: "Bakıda keçirilən biznes forumun davamı yaxın gələcəkdə Zaqreb şəhərində baş tutacaq. İqtisadi məsələlərlə bağlı hökumətlərarası komissiyanın ilk iclası bu ilin sonu və ya gələn ilin əvvəlində keçiriləcək. Bu, bir sıra məsələlərin müzakirəsi baxımından imkanlar açacaq. Bakıdakı görüşdə ölkələrimiz arasında strateji əməkdaşlıq olduğunu qeyd etdik. Bakıda Xorvatiya səfirliyinin açılması bu münasibətləri gücləndirmək baxımdan mühüm mərhələdir

Xorvatiya şirkətləri Azərbaycanda enerji, kənd təsərrüfatı, turizm sahəsində imkanlarla maraqlanır. Əminəm ki, gələn görüşlərdə daha ürəkaçan rəqəmlər açıqlanacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişi dəstəkləyirik. Bu, həm də bizim aramızda qarşılıqlı əlaqələri inkişaf etdirmək baxımından önəmli sənəddir və bu, Şərq Tərəfdaşlığının önəmli tərkib hissəsidir. Biz layihələrin genişləndiriliməsinə çalışacağıq. ".

Azvision.az

Teqlər: Xorvatiya   Azərbaycan