Zelenskinin ən gülməli rolu - Murad Köhnəqala yazır

   Zelenskinin ən gülməli rolu -    Murad Köhnəqala yazır
  29 Aprel 2019    Oxunub:3602
Neçə vaxtdır Ukraynada davam edən ikimərhələli prezident seçkilərini rastıma düşdükcə sosial şəbəkələr üzərindən izləyirdim. Əslində mən Zelenskini lap çoxdan tanıyırdım. Onun aparıcısı olduğu “Kvartal 95” komediya teatrını çox izləmişəm.
Açığını deyim ki, Zelenskinin o gur səsi ilə çıxan sözlərini heç vaxt komediyaya uyğunlaşdırıb, gülə bilməmişəm. Adını unutduğum uzundraz, daz dostu, aparıcı partnyoru da o qədər gülməli təsir bağışlamayıb mənə. Sual verə bilərsiniz, bəs, nə üçün bu verilişi izləmişəm? Ona görə ki, həmin verilişdə başqa-başqa gənc aktyorlar tərəfindən maraqlı səhnələr oynanılır, onların xətrinə, yeni stand-upçuların çıxışlarının, çəkici tekstlərinin xətrinə baxa bilmişəm.

Nə isə, gələk Ukraynadakı son prezident seçkilərinə. Eşidəndə ki, prezidentliyə namizədlərdən biri komediya aktyoru kimi tanınmış Zelenskidi, xeyli düşünməli oldum. Nədən ki, Ukrayna dövləti, eləcə də ukrayna xalqı azərbaycanlılarla həmişə dostca davranıb, adam orada baş verən istənilən hadisəyə həssas yanaşır. Nədənsə, siyasətdən kənar bir komediya aktyorunu prezidentliyə namizəd görəndə ürəyimin dərinliyində ukrayna xalqına xeyli acıdım. Xalq tərəfindən eyforiya ilə qarşılanan bu komediya məni heç açmadı. Kaş, yanılaydım. Bu fikirlərimdə yeganə təskinliyim budur ki, özüm də siyasətçi deyiləm, yanlış düşünə bilərəm.

Sözsüz ki, siyasi analitiklər Ukraynanın 41 yaşlı bu gənc prezidenti haqda çoxlu sayda ziddiyyətli versiyalar səsləndirirlər. Zelenskinin tamam siyasətdən kənar adam olması xeyli çaşqınlıq yaradıb. Populist, qeyri-peşəkar, sentimental çıxışlarla xalqa çıxan bir adamı yüksək səs çoxluğu ilə özlərinə prezident elədilər. Yerli teleseriyalda Ukraynanın prezidenti rolunu oynayan adamın bacarıqlı, dürüst, xilaskar prezident olacağı ümidi ilə ona səs verdilər.

Odda yanmaz, suda batmaz optimist siyasi analitiklərin fikrincə, Zelenskinin indiyə qədər siyasətdən kənar olması onun üstünlüyüdür. Guya, belə olan halda yeni seçilmiş prezident Poroşenkonun sürdürdüyü korrupsioner hakimiyyətə bulaşmamış yeni insanlardan yeni siyasi elita formalaşdıracaq ki, bu da Ukraynanın işıqlı gələcəyini təmin edəcək.

Zelenski seçkilər ərəfəsində Poroşenkonun əsas silah kimi səsləndirdiyi ABŞ və Aİ-dəki siyasi-diplomatik, işgüzar və hərbi dairələrlə əlaqələrin davam etdirilməsi məsələsini gələcək fəaliyət siyahısında öz adından səsləndirib. Həm də seçki kAmpaniyasının ilkin dövrlərində Rusiyaya qarşı loyal, ehtiyatlı fikirlər söyləyən gənc namizəd, xalqdan gözlənilməz dəstək gördükdən sonra seçkinin sonlarına yaxın özünü Putin hakimiyətinin düşməni kimi qələmə verərək kütlədən yekə bir “layk” qazandı.
Lakin, öncəgörmə söyləməyi sevən bəzi siyasilərin düşüncəsinə görə elə həmin Poroşenko siyasi nüvəsi Zelinski hakimiyətinə müxalif qalaraq lap yaxın gələcəkdə onu hakimiyyətdən salacaq.

Açığı, siyasətdən kənar, həm də siyasətçi olmadığını hər dəm fəxrlə dilinə gətirən Zelenskinin yüksək səs çoxluğu ilə rəqibini tısbağa kimi arxasıüstə qoyması yadıma məşhur filosof Qustav Le Bonun kütlə haqda dediyi məşhur ifadəni saldı. Onun sözlərinə görə, bəzi məqamlarda kütlə ağılsız, instinklərlə idarə olunan onurğasız bir amorfa da çevrilə bilir.

Açığı, Zelenskinin, yəni bir gülüş aktyorunun o boyda ukraynalılar tərəfindən yüksək səs çoxluğu ilə seçilməsindən sonra xeyli qorxmuşam. Həmin gündən səksəkədəyəm. Düşünürəm ki, əcəba, bizdə xalqımız tərəfindən sürəkli sevilən meyxana ustalarından biri öz namizədliyini irəli sürsə, axırımız necə olar?

Murad Köhnəqala
Azvision.az üçün


Teqlər:





Xəbər lenti