Musa Quliyev: “Dini təbliğ etmək lazım deyil”

     Musa Quliyev:    “Dini təbliğ etmək lazım deyil”
  30 Aprel 2019    Oxunub:5463
“Əgər gələcəkdə dini təhsilin məktəblərdə tədris olunması nəzərdə tutulacaqsa, burada ehtiyatla davranmaq lazımdır. Çünki Azərbaycanı müxtəlif tələlərə salmaq istəyən qüvvələr çoxdur”
Bunu Azvision.az -a Milli Məclisin deputatı Musa Quliyev orta məktəblərdə və ali təhsil müəssisələrində dini dərslərin keçilməsi məsələsinə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, peşəkar adamları cəlb etməklə bu işi görmək lazımdır. “Bizdə o qədər kadrların olub-olmaması barədə düşünməliyik. Lakin biz məktəblərdə dini təhsili qadağan etsək, boşluq yaranar. Müqəddəs yer boş qalmır. Kimlərsə uşaqları daha zərərli dini təmayüllərə cəlb edə bilirlər və bunda maraqlı qüvvələr çoxdur”.

M.Quliyev hesab edir ki, məktəblərdə dini təhsil müəyyən çərçivədə olmalıdır. “Azərbaycan hüquqi, sivil dövlətdir. Dünyəvi dövlətin məktəbində dini dərsliyin keçirilməsi o qədər uyğun olmur. Lakin tam dinsiz, mənəviyyatsız bir cəmiyyətin olması təhlükəlidir. Yaxşı olar ki, bunu fakültativ şəkildə tədris etsinlər, maraqlanan şagirdlər ora cəlb edilsin. Və ya yuxarı siniflərdə az saat olmaqla dərslər keçirilsin. Şagirdlərə dini təlimlərlə yanaşı, dünyəvi, fəlsəfi baxışlar da verilməlidir. Məqsədimiz uşağa din öyrətmək olmalı deyil, ona mənəviyyat öyrətmək lazımdır. Dini təbliğ etmək lazım deyil. Sadəcə tarixi, hüquqi sosial aspektləri barədə məlumat vermək lazımdır ki, gələcəkdə uşaq öz seçimini edə bilsin”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata əsasən, yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq. Bundan əlavə, orta məktəblərdə hazırda tədris olunan “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür.

Aytən Zəhra
Azvision.az


Teqlər: Musa-Quliyev   Deputat  





Xəbər lenti