Falçılıq janrları - Murad Köhnəqalanın yazısı

   Falçılıq janrları -    Murad Köhnəqalanın yazısı
  02 May 2019    Oxunub:3007
Yaxınlarda bir dostumun evində qonaq olmuşdum. Neçə illər idi, bu ailədə övlad dünyaya gəlmirdi. Yazıqların gənəşmədikləri falçı, getmədikləri həkim qalmayıbmış. Ayrı-ayrı metodlarla baxıcılıq eləyən falçılar illərlə ümid verir, hər dəfə gələn il üçün onlara övlad bəxş eləyəcəklərinə söz verirlərmiş.
Dostum başına gələn falçı əhvalatlarını mənə övladı dünyaya gələndən sonra açıb danışmışdı. Sən demə, Azərbaycanın hər bölgəsində bir neçə məşhur falçı fəaliyyət göstərirmiş. Həkimlərin şəfqətindən ümidini üzən bu gənc ailənin ümidi yalnız falçılara qalıbmış.

Hərdən onu falçıların falabaxma metod və janrlarından danışdırıb, feyziyab oluram. Dostum keçmişdəki əfəl vaxtlarından söz açdıqca şaqqanaq çəkib gülür, əhvalatları məzə ilə danışır. Xərclədiyi pullardan ona qalan yalnız bu məzəli əhvalatlardır.

Sən demə, falçılar öz müştərilərindən pul çəkmək üçün çox orijinal üsullara əl atırlar. Deyir, biri vardı, “iş otağında” tam sakitlik yaradaraq fala yalnız gecəyarı baxırdı. Qaranlıq otaqda şam yandırar, yanan şamın o üzündən bizə baxar, sonra əriyən mumun əmələ gətirdiyi müxtəlif fiqurlara nəzər salıb, öz versiyalarını söyləyərdi.

Şamla baxan falçı onlara deyib ki, şamdanın altına bir “yüz”lük qoysanız sizə yaxşı bir müjdə verəcəyəm. Deyir, mən də çıxarıb şamdanın altına yüz manat qoydum. Falçı dedi ki, gələn il sizin əkiz oğlunuz dünyaya gələcək. Sevinmiş, təkrar soruşdum ki, bəs bu, doğrudumu? Dedi, mənim dediklərimə şəkk gətirirsənsə, niyə yanıma gəlmisən? Sonra da qalxıb taxçasından bir çəngə heyvan tükünü yoldaşıma uzatdı: “A gəlin, bu, maral tüküdü, hər səhər bundan biraz yandırıb, iyləyərsən!”
Biz sevinə-sevinə, xoşbəxtlik içində evə gəldik. Deyir, falçının buyurduğu proseduru qaçırmamaq üçün hər səhər tükü yandırmağı yoldaşımın yadına salırdım. Yoldaşım düz bir ay səhərlər yanmış tük iyini ciyərlərinə çəkdi. Özü də, falçı tükün pulunu bizdən ayrıca almışdı...

Deyir, biri var idi, saz çala-çala fala baxırdı. Hərdən saz çalmağını dayandırıb, “divardakı cinlərlə” söhbət eləyirdi. “Cinlərə” yalvarırdı ki, noolar, ay cinlər, gənclərin dünyaya gəlmək istəyən övladlarının qarşısını almayın. Axırda sazın kökünü dəyişib, bizə dedi ki, indi “cinlərin” istədiyi havanı çalacam, deyəsən, razılaşırlar. Deyir, biz də oturub onun “cinlərlə” danışdığı tərəfə baxırdıq. Falçı gözəl bir saz havası ifa eləyir, hərdən də havanı dayandırıb, “cinlərlə söhbət eləyirdi”. O, gah “cinlər”ə yalvarır, gah da onu çox yorduqları üçün “cinlər”in üstünə təpinirdi. Biz falçının baxdığı yerdə heç nə görmürdük. Axırda bizə baxıb güldü ki, siz ora niyə baxırsınız, onlar yalnız mənim gözümə görünürlər.

Deyir, falçı fala baxmaq haqqının miqdarını da “cinlər”dən soruşdu. Deyəsən “cinlər” bizdən lap çox pul tələb eləyirdi. Falçı onlara yalvar-yaxar eləyib biraz endirim elətdirdi. “Öz cinlərinə” yalvarıb belə deyirdi: Sizi and verirəm cicinizin gözlərinə, görürsünüz, cavan, kasıb ailədir...

Nə isə, qardaş, “cinlər”in 300 manat istəməsinə baxmayaraq, falçı endirim eləyib, bizdən 200 manat qopartdı. Gedəndə də bir yumru dəmir list verib dedi ki, bunu qırx gün ocaqda alova verərsiniz. Sonra təzə bir maykaya ərəb əlifbası ilə tez-tez nəsə yazıb mənə verdi və tapşırdı ki, 40 gün əynimdən çıxarmayım. Qırx gündən sonra, guya, yoldaşımın bətninə uşaq düşəcək. Yazıq dostum deyir, mən də əynimdən kirli maykanı qırx gün çıxarmamışdım. İy verib iylənirdim...

Nə isə, falçıların bir neçəsinin də metodundan yaza bilərdim, ancaq, deyəsən, mənə ayrılan yer başa çatmaq üzrədir. Nigarançılıq olmasın deyə, nəzərinizə çatdırmaq istəyirəm ki, dostum ağılı üstündə olan bir qohumunun məsləhətilə həyat yoldaşını Türkiyəyə müalicəyə aparıb. Yüngülcə müalicədən sonra onların ailəsində uşaq peyda olmuşdu.

...Bu arada təzəcə ayaq açmış uşağın peçenyesi əlindən yerə düşdü. Əyilib götürmək istəyəndə dostum məni qoymadı, “İndi anası gəlib götürər” - dedi. Baxdım ki, onun yenidən falçıya ehtiyacı var.

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər: Fal   Falçılıq   Cəhalət  





Xəbər lenti