“Enerji təhlükəsizliyi tam şəkildə təmin olunub” - Rövnəq Abdullayev

  06 May 2019    Oxunub : 658
 “Enerji təhlükəsizliyi tam şəkildə təmin olunub” - Rövnəq Abdullayev
"Hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi və 2 Risk Xidməti Sazişinin tərəfdaşlarıdır. Podratçılar tərəfindən 1995-ci ildən indiyədək Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə 80 milyard ABŞ dollarından artıq məbləğdə sərmayə yatırılıb".
Azvision.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib. O, vurğulayıb ki, strategiyanın misilsiz tarixi əhəmiyyətini sübut edən daha bir fakt isə dünyada təbii qaza tələbatın sürətlə artdığı indiki dövrdə ölkəmizin həm də etibarlı "mavi yanacaq” tədarükçülərindən birinə çevrilməsidir.

"1999-cu ildə kəşf, 2006-cı ildən istismar edilən, dəniz akvatoriyalarında ən böyük qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdəniz” yatağının işlənilməsi çərçivəsində həyata keçirilən layihələr ümummilli lider Heydər Əliyevin enerji strategiyasının ölkəmizə qazandırdığı iqtisadi və sosial mənfəətlərin tam bir spektrini əhatə edir".

R.Abdullayev qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin olunub.

"Bu, hər bir ölkənin milli təhlükəsizliyinin çox vacib komponentidir. Sənaye obyektlərinin mazut rejimindən qaz rejiminə keçirilməsi iqtisadiyyatımızın möhkəmlənməsinə mühüm töhfədir. Ölkənin qazlaşdırılması istiqamətində "Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində tarixdə misli görünməmiş işlər aparılıb. Azərbaycan region ölkələrinin, xüsusilə Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. "Şahdəniz” layihəsinin ilk mərhələsində hasil olunan qazın Gürcüstan və Türkiyəyə nəql edilməsi məqsədilə Cənubi Qafqaz boru kəməri qurulmuş, 2-ci faza çərçivəsində genişləndirilib. Ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən bu kəmər vasitəsilə indiyə qədər ölkədaxili istehlakçılara, həmçinin Gürcüstan və Türkiyəyə 40 milyard kubmetrdən artıq "Şahdəniz” qazı tədarük olunub. Azərbaycan neftçiləri tərəfindən "Abşeron” və "Ümid” yataqları kəşf edilib, "Bulla-dəniz” yatağının dərin horizontlarından hasilata başlanılıb".

SOCAR rəhbəri əlavə edib ki, "Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazanılmış uğurlar xarici tərəfdaşlarla qurulan qarşılıqlı faydalı istehsalat münasibətlərini yeni mərhələyə qaldırıb:
"Azərbaycan imzaladığı bütün sazişlərin şərtlərinə tam həcmdə əməl etmiş, Milli Məclisdə ratifikasiya olunub, qanun hüququ alan bu sənədlərin heç bir müddəasını birtərəfli qaydada dəyişməmiş yeganə neft-qaz ölkəsi imicini qazanıb. Birgə layihələr çərçivəsində əldə olunan güclü iqtisadi səmərə tərəfdaşlarımızın Azərbaycana inamını artırıb, onları bu qədim diyara, qonaqpərvər xalqımıza sıx tellərlə bağlayıb. 2017-ci ildə tərəfdaşlarımızın "Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması təşəbbüsü ilə çıxış etmələri və "Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Azərbaycan üçün daha əlverişli şərtlərlə yeni müqavilənin imzalanması iqtisadi amillərlə yanaşı, həm də bu bağlılığın bariz göstəricisi olub.

Azərbaycanın qalibiyyətli enerji strategiyası həm də qloballaşan dünyanın mühüm çağırışlarına xalqımızın cavabıdır, ona tarixən xas olan dərin humanizm və insanpərvərliyin təntənəsini bütün dünyada təcəssüm etdirir. Əminliklə deyə bilərik ki, bu strategiya hələ uzun illər davamlı olacaq, ölkəmizə və dövlətimizə misilsiz nailiyyətlər qazandıracaq, xalqımızın maddi rifah halının durmadan yüksəlməsinə, dünyada sülh, əmin-amanlıq və sabitlik amallarına xidmət edəcəkdir".

Azvision.az

Teqlər: Rövnəq-Abdullayev   SOCAR