“Məhkəmələrdə neqativ hallar aradan qaldırılacaq” - Gündüz Kərimov

“Məhkəmələrdə neqativ hallar aradan qaldırılacaq” -    Gündüz Kərimov
  06 May 2019    Oxunub:6665
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının bir çox hissəsi sahibkarlığın inkişafına, onun maraqlarının qorunmasına və investisiyaların təşviqinə yönəlib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse prezideninin köməkçisi Gündüz Kərimov “Azərbaycanda məhkəmə-hüquq islahatları: AmCham ilə müzakirələr” mövzusunda keçirilən konfransda deyib.

G.Kərimov bildirib ki, fərmanda Prezident tərəfindən müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıqlar və tövsiyyələr verilib: “Bu tövsiyələr və tapşırıqlar həmin sahədə müxtəlif qanun, fəmran və sərəncamların layihəsinin hazırlanması ilə bağlıdır. Fərman bir çox məsələləri əhatə edir: Məhkəməyə müraciət hüququndan başlayaraq məhkəmə qərarlarının icrasının təmin edilməsinə qədər. Ona görə də bu fərmanı strateji sənəd kimi hesab etmək olar”.

O, vurğulayıb ki, fərmanda əksini tapan əsas məqamlardan biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasının mümkünlüyüdür: "İxtisaslamış, hüquq cəmiyyətinin etimadını qazanmış və dərin biliklərə malik olan hakimlərdən ibarət olan məhkəmənin olması bu sahədə bir hüquqi tarazlıq gətirəcək. Fərmanda eyni zamanda süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu təmin etmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb".

G.Kərimov qeyd edib ki, Fərmanda eyni zamanda elekron məhkəmə ilə bağlı məsələlər var və hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edəcək "Elektron məhkəmə" sistemi çox vacibdir.

"Fərmanda Ədliyyə Nazirliyinə "Elektron məhkəmə" sistemi ilə bağlı işlərin yekunlaşdırılması və həmin sistem daxilində də müxtəlif meyyarlar əsasında və dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsasən məhkəmə qərarlarının effektiv axtarış sisteminin yaradılması nəzərdə tutulub. Bu sistemin effektivliyi nəinki məhkəmə sistemi, hüquq ictimaiyyəti üçün, istənilən şəxs üçün məhkəmə qərarlarının şəffaflığını, ardıcıllığını və əl çatanlığını təmin edəcək”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Gündüz-Kərimov   Məhkəmə  





Xəbər lenti