“Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir”

 “Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir”
  06 May 2019    Oxunub:2708
"Biz xaricdən alınan kreditlərin hesabına ölkəmizin əhalisinə dəstək olmuruq, Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir".
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev irsi və sosial siyasət" adlı konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, ulu öndərin dövlətçilik siyasətinin əsasını sosial siyasət, ölkə əhalisinin layiqli həyat şəraitinin qurulması təşkil edirdi.

S.Babayev qeyd edib ki, 1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Heydər Əliyevin bu siyasəti Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir vurğulayıb ki, Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir: "Digər tərəfdən, Azərbaycanda müsbət demoqrafik artım baş verir. Ölkədə əhalinin illik artımı - doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir".

Onun fikrincə, ölkədə artıq minumum pensiyanın məbləği yaşayış minumumunu üstələyir: "Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri paylaşır. Bu da Azərbaycanda həyata keçirilən sosial siyasətinin uğurunu göstərir".

S.Babayev əlavə edib ki, bu il işlə təmin edilməsi nəzərdə tutulan 38 min nəfərin 94 faizi, başqa sözlə 35730 nəfəri artıq müvafiq işlərə cəlb edilib. Ölkədə əmək fəaliyyətinin leqallaşdırılması istiqamətində aparılan tədbirlərin səmərəsi ilin sonuna qədər daha da çoxalacaq.

"Bu ilin birinci rübündə əlilliyin təyinatı halları ötən ilin müvafiq dövrünə nisbətən 55 faiz azalıb", - deyə nazir çıxışında vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Sahil-Babayev   ƏƏSMN  





Xəbər lenti