“Azərbaycanın seçki təcrübəsi ilbəil inkişaf edir” - MSK sədri

“Azərbaycanın seçki təcrübəsi ilbəil inkişaf edir” -  MSK sədri
  06 May 2019    Oxunub:1563
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasında səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, sədr Məzahir Pənahov qonaqları salamlayaraq görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli əlaqələrindən söhbət açıb.

O qeyd edib ki, MSK beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verir. Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlar və seçki praktikasının ilbəil daha da inkişaf edərək hazırkı səviyyəyə çatması məhz Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlığın nəticəsidir.



Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qessel MSK-dakı səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar görülən işlərlə maraqlanıb.

Qonaqların suallarını ətraflı cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə bağlı geniş məlumat verib, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan nailiyyətləri və qabaqcıl təcrübəni onların diqqətinə çatdırıb.

Avropa Şurasının nümayəndə heyəti görüş və əhatəli məlumat üçün MSK sədrinə bir daha təşəkkürlərini bildiriblər.

Görüşdə həmçinin, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: MSK   Görüş   Avropa-Şurası  





Xəbər lenti