"İcbari tibbi sığorta sistemi tətbiqə hazırdır" - Zaur Əliyev

 "İcbari tibbi sığorta sistemi tətbiqə hazırdır" -    Zaur Əliyev
  07 May 2019    Oxunub:2227
Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də ölkə rəhbəri tərəfindən Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Agentliyin sədri qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tətbiqinə başlanılan icbari tibbi sığorta 2020-ci ildən bütün ölkə ərazisində həyata keçiriləcək.

"Pilot layihənin tətbiqinin uğurlu nəticələri onun respublikada tətbiqinə zəmin yaratdı. Bu gün dövlət başçısının apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan sosial-iqtisadi inkişafın elə bir mərhələsindədir ki, vətəndaşların sağlamlığının təmin olunması, onların keyfiyyətli tibbi xidmətlər alması üçün icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır. Artıq bu sahədə islahatlar aparılıb. Nəinki pilot rayonlarda, eləcə də, bütün ölkədə səhiyyə sektorunda maddi-texniki baza gücləndirilib, yüksək texnoloji müdaxilə tələb edən tibbi əməliyyatları yüksək səviyyədə həyata keçirə biləcək kadr potensialına malik sistem qurulub. Sığorta sisteminin hüquqi bazasının yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, sığorta şəbəkəsinin yaranması, Azərbaycan vətəndaşlarının sığorta ilə tanışlığı, buna müsbət münasibətinin formalaşması və s. məqamlar icbari tibbi sığortanı ölkəmizdə tətbiq etməyə imkan verir. Bu zəmini isə ulu öndərin davamçısı Prezident İlham Əliyev yaradıb".

Z.Əliyevin sözlərinə görə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi xüsusi əhəmiyyət daşıyır.

"O, səhiyyənin yeni maliyyələşmə modelidir. İcbari tibbi sığortanın əsas məqsədləri səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsi və səhiyyəyə ayrılan vəsaitlərin səmərəli istifadəsidir. Eyni zamanda, fəaliyyət göstəricilərinə əsasən ödəniş sisteminin tətbiqi və səhiyyə sahəsində sağlam rəqabətin yaradılmasıdır. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilk dəfə ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə qəbul edilib. 2018-ci ildə isə qanuna dəyişikliklər edilib. Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. İcbari tibbi sığorta kimi, onlarla belə layihə var ki, əsası ulu öndər tərəfindən qoyulsa da, icrası dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirildi".

Azvision.az


Teqlər: Zaur-Əliyev   İcbari-sığorta  





Xəbər lenti