Paytaxtın yeni Baş Planının prioritetləri açıqlanıb

  Paytaxtın yeni Baş Planının prioritetləri açıqlanıb
  07 May 2019    Oxunub:2394
Bakının İnkişaf Konsepsiyası ilə müəyyən edilmiş və şəhərin Baş planının əsasını təşkil edəcək 4 əsas prioriteti var.
Azvision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr edilmiş plenumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu prioritetlər Bakının İnkişaf Konsepsiyası əsasənda müəyyən edilib və aşağıdakılardır:

"1.Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;
2.Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;
3.Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;
4.Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçididir".

S.Nuriyev əlavə etdi ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılıb və bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilib. O, vurğulayıb ki, insanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş bu məlumat Baş plan üzərində davam edən işin növbəti mərhələsində də nəzərə alınacaq.

"Əminəm ki, bütün maraqlı tərəflərin, o cümlədən aidiyyəti dövlət orqanlarının, ictimai birliklərin, müstəqil ekspertlərin iştirakını təmin etməyimiz Bakı şəhərinin Baş planının ən yüksək keyfiyyətlə hazırlanmasına öz dəyərli töhfəsini verəcək. Həm müvafiq məlumatların toplanması və inteqrasiyası, həm də gələcəkdə təsdiq olunacaq Baş planın reallaşdırılması mərhələlərində birgə işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək.”



S.Nuriyev Bakı şəhərinin Baş planının hazırlanması üzrə 2 mərhələdə təşkil olunmuş genişmiqyaslı işlərdən də danışıb. "1-ci mərhələdə Bakı şəhərinin baş planının beynəlxalq standartlara uyğun və ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini əməkdaşlığa cəlb edib. 1-ci mərhələdə görülmüş işlər nəticəsində beynəlxalq təcrübəyə və bu sahədə müasir qlobal tendensiyalara əsaslanaraq Bakının İnkişaf Konsepsiyası hazırlanıb, şəhərin inkişafının əsas prioritetləri müəyyən edilib.

Eyni zamanda, 1-ci mərhələdə tərtib olunmuş ətraflı texniki tapşırıq əsasında Baş planın işlənməsi məqsədilə beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender keçirilib. Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma və memarlıq şirkəti seçilib və bununla da layihənin 2-ci mərhələsinə start verilib". Komitə sədri, həmçinin əlavə edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihənin 2-ci mərhələsinin bütün icraçılarının – “AS+P”, “Boston Konsaltinq Qrup” şirkətləri və Bakı Dövlət Layihə İnstitutu – ilk işçi görüşü təşkil olundu, növbəti addımların və qarşıdakı prosesin detalları müzakirə edilib. "

Aytən Zəhra
Azvision.az



Teqlər: Bakı   Plan  





Xəbər lenti