Əli Əhmədov: “Artıq insanlar qorxu hissi keçirmirlər”

  07 May 2019    Oxunub : 725
 Əli Əhmədov: “Artıq insanlar qorxu hissi keçirmirlər”
“Azərbaycanda insanların rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir”

Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma mərasimində deyib.
Onun sözlərinə görə, təkcə bu ilin bir necə ayı ərzində 3 milyondan çox insanın həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əmək haqları artırılıb.

“Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur. Gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvəplik hisslərinə malik olacaq, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərəcək. Bizim gənclərimiz dövlətə sadiq vətəndaşlar kimi Heydər Əliyevin ideyalarını da öyrənməklə özlərinin vətəndaş mövqeyini ifadə edə bilirlər”.

Ə.Əhmədov qeyd edib ki, ölkənin bugünkü vəziyyəti 1990-cı illərin əvvələrində mövcud olan Azərbaycandan əhəmiyyətli dərəcədə fərqlənir, bugünkü gerçəkliklər o zamankılardan tam seçilir:

“Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olması onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyevin ideyalarına böyük inamı formalaşıb. Gənclərimizin Heydər Əliyev ideyalarını mənimsəməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır”. Baş nazirin müavini əlavə edib ki, bu gün Azərbaycan bütün dünyada uğurlu dövlət kimi tanınır. Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması üçün çox ciddi layihələr həyata keçirilir. Bu layihələr öz növbəsində hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərir:

Təhsilin, elmin hər bir cəmiyyətin inkişafını təmin etdiyini vurğulayan Ə.Əhmədov əlavə edib ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri təhsilin inkişafıdır: “Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada Azərbaycanda təhsilin inkişafına önəmli yerin verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: YAP   Əli-Əhmədov