Məmməd Musayev: “İndiyədək cəmi 640 yoxlama keçirilib”

  08 May 2019    Oxunub : 633
 Məmməd Musayev: “İndiyədək cəmi 640 yoxlama keçirilib”
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla, cəmi 640 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci ilin 1 noyabrından əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama aparılıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 15 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir:

"Ümumilikdə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 165 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Sevindirici haldır ki, güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib, bu kreditlərin 75 faizi regionların, yalnız 25 faizi Bakı qəsəbələrinin payına düşüb. Ümumiyyətlə, son illərdə sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli şərait yaradılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsi həyata keçirilib. Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə bütünlükdə 330 icazə tələb olunurdusa, "Lisenziyalar və icazələr haqqında” qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı isə 86-ya endirilib".

Azvision.az

Teqlər: Sahibkarlıq   Məmməd-Musayev