3 ayın dəhşətli qəza statistikası - 142 ölü, 342 yaralı

   3 ayın dəhşətli qəza statistikası -    142 ölü, 342 yaralı
  08 May 2019    Oxunub:2760
2019-cu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 374 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,2 faiz azalaraq 484 nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 142-si həlak olub, 342-si isə yaralanıb. Hadisələrin 43,3 faizi gündüz, 36,9 faizi gecə, 19,8 faizi isə toran vaxtı baş verib, 26,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz azalaraq 100 nəfər, yaralananların sayı isə 1,2 faiz artaraq 332 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 48,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 29,7 faizi (5,1 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 22,2 faizi (40,7 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 75,7 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisələr minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti