Gəmidəki yanğınla bağlı cinayət işi açıldı

  09 May 2019    Oxunub : 830
Gəmidəki yanğınla bağlı cinayət işi açıldı
Mayın 8-də “Saipem” şirkəti tərəfindən icarəyə götürülən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyətinə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azvision.az -ın xəbərinə görə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir ki, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Qeyd olunub ki, hadisə zamanı xəsarət alan şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun 440-78-13 nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

Azvision.az

Teqlər: FHN   Baş-Prokurorluq   Gəmi   Yanğın