ABŞ-da intihar edən və qətlə yetirilən azərbaycanlılar - FOTOLAR

ABŞ-da intihar edən və qətlə yetirilən azərbaycanlılar -  FOTOLAR
  10 May 2019    Oxunub:8347
Bu il ərzində ABŞ-da iki azərbaycanlı öldürülüb, bir həmyerlimiz isə intihar edib.

Azvision.az -ın məlumatına görə, yanvarın 14-də yerli vaxtla səhər saat 11 radələrində azərbaycanlı Elçin Xəlilov Şimali Karolina ştatındakı mağazasına oğurluq məqsədilə daxil olan şəxs tərəfindən güllələnərək öldürülüb.
Hadisədən 7 gün sonra Xəlilovun nəşi Azərbaycana gətirilib, doğulduğu Sumqayıt şəhərində dəfn olunub. Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub. 2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində “Fixer Electronic Repair” dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.



Hadisədən bir ay sonra ABŞ polisi Elçin Xəlilovun qatili Tayron Lamark Milleri Texas ştatının Dallas şəhərində həbs edib.

Mayın 6-da ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirməkdə təqsirli bilinən Fuad Paşayev saxlanıldığı təcridxanada ölü tapılıb. Hadisə gecə saat 23:00 radələrində baş verib. Belə ki, onun ifadəsini almaq üçün aparmağa gələn təcridxana əməkdaşları Fuadı hərəkətsiz vəziyyətdə aşkar ediblər. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, F.Paşayevin intihar etdiyi məlum olub.



Qeyd edək ki, bu ilin aprel ayının əvvəlində ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli biliblər. İlkin məlumata əsasən, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub.

ABŞ-da azərbaycanlının ölümü ilə nəticələn digər hadisə may ayının 7-də baş verib. Həmin gün saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən qətlə yetirilib. İki nəfər qarətçi onun yaşadığı evə daxil olmaq istəyib. N.Salamov müqavimət göstərərkən ona atəş açılıb. Həmyerlimiz yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.



N.Salamov 1982-ci ildə Azərbaycanda anadan olub. O, Dövlət Neft Akademiyasını (ADNA) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib, Pensilvaniya Dövlət Universitetində təhsil alıb. N.Salamov bank sistemində çalışıb. Onun Aydın və Yaqub adlı iki övladı yadigar qalıb. Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ABŞ   Azərbaycanlı   Qətl  





Xəbər lenti