Nazirlik rəsmisi: “Guya biz ağac kəsənlərlə əlbirik”

 Nazirlik rəsmisi:  “Guya biz ağac kəsənlərlə əlbirik”
  14 May 2019    Oxunub:1991
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi əziyyətlə yetişdirilən ağacların məhv edilməsinə qarşıdır və bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısını almağa çalışırıq"
Azvision.az verir ki, bunu nazirliyin mətbuat katibi İradə İbrahimova deyib. ETSN rəsmisi bildirib ki, nazirlik ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən məhv edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq:

"Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölğə salmağa çalışır. Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Bu ittihamlar heç bir məntiqə sığmır. Biz, saglam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır", - deyə İ.İbrahimova qeyd edib.

Mətbuat katibi əlavə edib ki, təkcə son payız və yaz ağacəkmə kampaniyalarında 2 milyondan çox ağac əkilməsi buna sübutdur: "Yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır. Sevindirici haldır ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də təpki göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   İradə-İbrahimova  





Xəbər lenti