Gürcüstanla sərhəd danışıqları davam etdiriləcək - XİN

Gürcüstanla sərhəd danışıqları davam etdiriləcək -  XİN
  14 May 2019    Oxunub:2787
14 may 2019 tarixində Bakıda Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, eyni zamanda müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.

Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib.

Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Azvision.az


Teqlər:





Xəbər lenti