Gürcüstandakı soydaşlarımız nədə uduzurlar - Murad Köhnəqalanın yazısı

  16 May 2019    Oxunub : 3994
 Gürcüstandakı soydaşlarımız nədə uduzurlar - Murad Köhnəqalanın yazısı
Gürcüstanla Azərbaycan arasındakı Keşikçidağ məbədi neçə vaxtdır ki, gündəmin əsas mövzularından biri olaraq qalmaqda davam edir. Bir qrup gürcü gəncinin Azərbaycan-Gürcüstan sərhədində etiraz aksiyasını izlədim. Əl-ələ tutmuşdular.
Bu, mənə uşaqlıqda oynadığımız “Bənövşə, bəndə düşə” oyununu xatırlatdı. “Gedin, çəpərin o tayında oynayın ay uşaq”,- demək istədim.

Bizim gürcülərlə münasibətimiz tarix boyu pis olmayıb. Ermənilər ara-sıra aramızı vurmaq istəsələr də, istənilən problemi danışaraq yoluna qoymuşuq. Lakin bunu da unutmamalıyıq ki, gürcü qonşularımızın şovinist damarı tutanda ermənidən betər olurlar. Məsələn, Gürcüstandakı Azərbaycan yurdlarının adlarının dəyişdirilməsi, azərbaycanlıların sıx yaşadığı ərazilərdə dövlət idarələrinin lövhələrinin yalnız gürcü dilində olması, ali məktəblərdə Azərbaycan dilinin tədris edilməməsi, yerli məmurların türk əhalisinə qarşı özlərini kəndxuda kimi aparması və s. kimi problemləri nəzərdə tuturuq.

Milli zəmində ortaya çıxan bu kimi əngəllərin getdikcə xərçəngvari metastaz verməsində bizim də günahımız az deyil. Boynumuza alaq ki, Gürcüstanda yaşayan soydaşlarımız bu gün daha çox elm, təhsil, mədəniyyət dalınca deyil, alver, din, cəhalət ardınca qoşurlar. Şəxsən, mənim üçün Gürcüstandakı el-obamızdan gələn xəbərlər bir qayda olaraq, ağrıdıcı, sarsıdıcı olur. On iki-on üç yaşlı qızları məktəbdən çıxarıb ərə verən bir cəmiyyət, öz qadınlarını oxudan, inkişaf etdirən, ictimai həyatda mövqe tutmasını təmin edən digər topluma necə qalib gələ bilər ki?

Yaxud, universitetlərə daxil olub elm öyrənmək əvəzinə, məscidlərə yığışıb zəncir vuran bir gənclik necə irəli gedə bilər? Elm, inkişaf, mədəniyyət yolunu deyil, cəhalət, din, şəriət yolunu seçən cəmiyyətin bütün sahələrdə öz qonşularına məğlub olması qaçılmazdı. Üstəlik, başqa dövlətin tabeçiliyi altında yaşayırsansa, vəziyyət daha ağır olur. Məsələn, ali təhsil almadığını, xarici dil bilməməyini əsas gətirib başının üstünə bir ermənini icra başçısı təyin edirlər. Bundan sonra döy başına, yan Koroğlu!

Yeri gəlmişkən, iran missionerlərinin Gürcüstandakı aktiv din təbliğatı və fəaliyyəti də öz “bəhrə”sini verməkdədir. Oradakı Azərbaycan kəndlərində məktəblərin bağlanması, məscidlərin isə çoxalması bu fəaliyyətin nəticəsidir.

Tarixdən məlumdur ki, Azərbaycanda kapitalist münasibətləri yenicə formalaşmağa başlayan zamanlar, (söhbət sovet inqilabına qədərki dövrdən gedir) Cənubi Qafqaz çar Rusiyasının işğalı altında idi. Rusiya hökumətinin Azərbaycanda, Ermənistanda, Gürcüstanda nümayəndəlikləri, idarələri fəaliyyət göstərirdi. O dövrün mühitini canlandıran ədəbiyyatını oxuyanda, filmləri izləyəndə bizim o zamankı (elə indiki də) halımız bütün reallığı ilə üzə çıxır. Çar idarələrində azərbaycanlıları süründürür, ərizələrini kənara tullayır, şikayətlərini dinləmirdilər. Ermənilər və gürcülərdə isə vəziyyət belə deyildi. Düzdür, bu ayrıcalıq din müxtəlifliyinə yozulsa da, əslində, ayrı-seçkliyi xristianlardan daha çox müsəlmanlar edirdi.

Yusif Vəzir Çəmənzəminli həmin dövrün mühitini öz hekayələrində çox dəqiq təsvir edir. Yusif Vəzirdən bir neçə cümlə yazıram:
“Xəstənin üstünə rus həkimi gətiriblər, evdə qab-qaşığı murdarlayıb”.
“On dörd yaşlarında bir arvad başını qapıdan çölə çıxardı”.
“Uşağı uşqola qoyub kafir edəcəksən?- Qasım kişi qəzəblə söyləndi”.
Azərbaycanlılar bu məişətlə yaşayanda, ermənilərlə gürcülər çar məmurlarını evlərinə qonaq çağırır, şərab hədiyyə edir, dillərini öyrənir, uşaqlarını rus məktəblərində oxudurdular.

Aradan bir əsrdən çox vaxt keçib. Yenə həmin gerilik, həmin yaşayış, həmin problemlər. Bu günün Gürcüstan azərbaycanlılarının həyat tərzi yüz il əvvəlkindən yalnız bir şeylə fərqlənir: Quş qanad salmayan hündür hasarlar və yekə maşınlar.

Sonda gürcü gənclərinin əl-ələ tutduğu videoya həsədlə, həsrətlə baxıb, özünü uduzmuş hiss edən soydaşlarımıza demək istəyirəm ki, o gənclərin hərəkəti istənilən Qarabağ döyüşçüsünün cəsarəti ilə müqayisədə heç nədir.

Murad Köhnəqala
Azvision.az üçün

Teqlər: