“Azərbaycan müsəlman ölkələrini daim dəstəkləyir” - Prezident

 “Azərbaycan müsəlman ölkələrini daim dəstəkləyir” -    Prezident
  17 May 2019    Oxunub:2546
Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. İlk növbədə, xahiş edirəm ki, mənim səmimi salamlarımı, xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.
Azvision.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başısı qeyd edib ki, rəsmi Bakı müsəlman ölkələri ilə çox sıx əməkdaşlıq edir: "Siyasi sahədə fəal dialoq aparılır. ƏIbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Əlbəttə, biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər.

Bildiyiniz kimi, son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Çox şadam ki, müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər və onların sayı ildən-ilə artır. Bir sözlə, ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bu əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait və imkanlar var".

Prezident əlavə edib ki, Azərbaycan beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir: "Bildiyiniz kimi, biz İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır. Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. Biz hamımız yaxşı bilirik ki, İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır.

Bildiyiniz kimi, eyni zamanda, ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilir. Bu yaxınlarda Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdəndir. Onu da bildirməliyəm ki, Azərbaycan İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.

Keçən il Naxçıvan – bizim qədim şəhərimiz İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Bu qərara görə biz bütün müsəlman ölkələrinə minnətdarıq. Onu da qeyd etməliyəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirir. Mən bir daha sizi ürəkdən salamlayıram. Bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı dövlət-hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrin xalqlarına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram".

Azvision.az


Teqlər: İlham-Əliyev   Ramazan   Müsəlman  





Xəbər lenti