Əlillər protez üçün DOST mərkəzlərinə müraciət edə bilər

   Əlillər protez üçün DOST mərkəzlərinə müraciət edə bilər
  18 May 2019    Oxunub:2279
"DOST mərkəzlərində göstəriləcək ən önəmli xidmətlərdən bir qismi əlilliyi olan şəxslərlə bağlıdır. Onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik məmulatlarla təminatı üçün müraciətləri də bu mərkəzlərdə qəbul olunacaq".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, artıq həmin şəxslərin müxtəlif protezlərin hazırlanması üçün ölçü götürülməsindən ötrü müxtəlif ünvanlara üz tutmasına ehtiyac qalmayacaq:

"DOST mərkəzlərində həkimlər tərəfindən onların ölçüləri götürüləcək və qısa müddətdə hazırlanmaqla elə mərkəzlərdə də təqdim ediləcək. Həmçinin mərkəzlərdə onların digər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilməsi işləri aparılacaq. Bu da əlilliyi olan şəxslər üçün ciddi dəstək olacaq".

Nazir diqqətə çatdırıb ki, hazırda 600 mindən çox əlilliyi olan şəxs var və onların bir çoxu regionlarda yaşayır: "Regionları da əhatə edəcək DOST mərkəzləri şəbəkəsi imkan verəcək ki, artıq həmin şəxslər Bakıya gəlmədən öz regionlarında bu xidmətlərdən rahat şəkildə istifadə edə bilsinlər. Maşın, mənzil növbəsində olduqları halda bu barədə də mərkəzlərdə məlumat ala biləcəklər".

S.Babayev bildirib ki, ilk DOST mərkəzinin binası özü əlilliyi olan şəxslər üçün tam funksionaldır.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti