Nazirlik monitorinq keçirdi - Ən çirkli hava bu ərazilərdədir

      Nazirlik monitorinq keçirdi    - Ən çirkli hava bu ərazilərdədir
  22 May 2019    Oxunub:2290
May ayında Bakı və Sumqayıt şəhərlərində atmosfer havasının səyyar monitorinqi keçirilib.

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində monitorinqlərin nəticələrinə görə, çirkləndirici qaz qarışıqları sanitar normadan bir gədər çox olub.

"Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur. Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdir. Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır".

U.Tağıyevanın sözlərinə görə, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel prospektləri, 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə əsasən, azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb.



"Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də səhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir.Digər ərazilərlə müqayisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır. Bakı şəhəri Heydər Əliyev adına “Neft Emalı” zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə mügayisədə daha yüksək olub.

Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə - Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürülüb və azot-4 oksid, kükürd qazı, dəm qazı, Toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparılıb. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər. Sumqayıt şəhərində də anoloji monitoriqlər həyata keçirilib. Nəticədə Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub.

Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu, bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tərbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür".

ETSN rəsmisi qeyd edib ki, nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirlər davam etdirilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti