“Ən dəyərli hədiyyə can sağlığıdır” - 72 yaşlı Firəngiz Əlizadə

  28 May 2019    Oxunub : 3168
 “Ən dəyərli hədiyyə can sağlığıdır” - 72 yaşlı Firəngiz Əlizadə
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Firəngiz Əlizadənin doğum günüdür. 72 yaşını qeyd edən Xalq artisti doğum günü təəssüratlarını Azvision.az-la bölüşüb.
- Firəngiz xanım, “yaş kişinin var-dövətidir” deyirlər, bəs qadın üçün “yaş” nədir? Sizcə, yaşdan var-dövlət olar?

- Hesab etmək olar. İndiyə kimi əldə edilən nailiyyətlər, uğurlar, gözəl xatirələr, görüşlər, konsertlər, bütün bunlar yığılır və arxaya baxanda görürsən ki, az işlər görülməyib. Allah izn versə, davam edərik və mənəvi var-dövlətimizi artırarıq.

- 72-dən geriyə boylansanız, hansı illərinizə qayıtmaq, xatirələri vərəqləmək istərdiniz?

- Hər dövrün öz gözəlliyi, öz problemləri var. Biz unikal nəsilik, Sovet İttifaqında yaşamışıq, çətin müharibə illərini görmüşük, mühacirətdə olmuşuq. Və sonra müstəqil Azərbaycana qayıtmışıq. Hər dövrün gözəl və çətin cəhətləri var. Şükürlər olsun Allaha ki, biz həmişə əlimizdə olan şəraitlərdən, gözəl işlərdən bəhrəmizi almışıq.

Məsələn, SSRİ-də nə gözəl idi? Musiqi təhsili yüksə səviyyədə olub. Biz də onu əldə etmişik. Ona görə deyirlər, şərqdə Azərbaycan unikal bir ölkədir ki, onun musiqi təhsili digər şərq ölkələrindəki kimi deyil, akademikdir.

Mühacirətdə olduq, Türkiyədə, Almaniyada yaşadıq. Hər ölkənin gözəl ənənələrini, xatirələrini daşıyırıq. Gözəl insanlarla tanış olduq. Və sonra müstəqil Azərbaycanda 2007-ci ildə Bəstəkarlar İttifaqının sədri oldum. Burada fəaliyyətimi davam etdirməyə çalışdım. Geriyə baxanda gördüyümüz işləri xatırlayıram, bütün bunlar bizim tərcümeyi-halımızı zənginləşdirir və arxaya baxanda bunları görürük. Problemlər də çox olub, onları inkar etmək olmaz.

- Doğum günündə sizə nə hədiyyə edilməsini istərdiniz?

- Mənim üçün ən dəyərli hədiyyə can sağlığı, nəvələrimin, yaxınlarımın sağlamlığıdır. İkincisi isə vaxt məhdudiyyəti olmasın. Vaxtım həmişə azdır. Bu isə məni bir az sıxışdırır.

- Nəvələriniz sizi necə təbrik etdilər?

- Səhəri onlarla açdım. Məni hamıdan qabaq onlar təbrik etdiər. Onların danışmağı, səsləri mənim üçün böyük hədiyyədir. Ad günümü Ramazan bayramında ailəmlə birlikdə qeyd edirəm. Bu, böyük xoşbəxtlikdir. Hazırda oruc tuturuq, bu səbəbdən ad günü məclisi nəzərdə tutulmayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: FirəngizƏlizadə   Xalq-artisti   Ad-günü