Tanınmışların Bakı finalı ilə bağlı proqnozu: “Hesab 3:3 olacaq”

  29 May 2019    Oxunub : 2610
Tanınmışların Bakı finalı ilə bağlı proqnozu: “Hesab 3:3 olacaq”
Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq həlledici qarşılaşmada "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcəklər.
Bütün dünyanın maraqla gözlədiyi oyunda hansı komandanın qalib gələcəyi ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Azvision.az tanınmış şəxslər arasında sorğu keçirərək hansı klubun qalib gələcəyi ilə bağlı onların da fikirlərini öyrənib.



Millət vəkili Aqil Abbas türk futbolçu Məsud Özilə görə “Arsenal”a azarkeşlik edəcəyini deyib: ““Arsenal” komandasının qalib olacağına ümid edirəm. Final oyununu televizordan izləyəcəyəm”.



İqtisadi ekspert Vüqar Bayramov isə“Çelsi”nin şansını yüksək qiymətləndirir: “Futbolu çox da yaxından təqib etmədiyim üçün bugünkü oyunun nəticəsi barədə konkret fikir söyləmək istəməzdim. Bununla belə, "Çelsi"nin imkanlarını daha yüksək qiymətləndirirəm. Amma final oyununda nəticə təəccüblü olmamalıdır. İngiltərə çempionatında azarkeşlik etdiyim komanda “Liverpul”dur. Oyunu evdən izləyəcəyəm”.



“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid hesab edir ki, final oyunu əsas vaxtda heç-heçə yekunlaşacaq: “Fikrimcə, əsas vaxtda hesab 3:3 olacaq. Amma sonda qalib “Çelsi” komandası olacaq”.



Millət vəkili Aydın Mirzəzadə final həyəcanını yaşamaq üçün bilet aldığını deyib. Deputatın fikrincə, "zadəganlar" çempion olmağa daha yaxındırlar.

“Heç bir komandaya azarkeşlik etmirəm. Sadəcə Avropa futboluna baxmaq istəyirəm. Artıq ikinci dəfə olacaq ki, “Çelsi”nin oyununu yaxından izləyəcəm. Birinci dəfə il yarım bundan öncə “Qarabağ” futbol komandası ilə “Çelsi” Bakıda oynayanda izləmişdim. Hansı komanda güclü oynayacaqsa, o da qalib gələcək”.



Millət vəkili Çingiz Qənizadə futbol həvəskarı olmadığını söyləyib: “Futbol azarkeşi deyiləm. Amma belə möhtəşəm final oyunu Bakıda keçirilirsə, demək maraq var. Oyunu evdən izləyəcəm. Düşünürəm ki, fiziki cəhətdən hansı komanda güclüdürsə və hansı komanda qalib gəlməyə layiqdirsə, o da qalib gələcək”.

Aytən Zəhra
Azvision.az

Teqlər: UEFA   Final   Avroliqa