“İndiki ixtisasların 80 faizinə ehtiyac olmayacaq” - Nazir müavini

  30 May 2019    Oxunub : 975
“İndiki ixtisasların 80 faizinə ehtiyac olmayacaq” - Nazir müavini
Təhsil sahəsində son dövrlərdə aparılan dəyişikliklər bir çox səbəblərlə bağlıdır. Araşdırmalar göstərir ki, dünyada gedən sürətli inkişaf nəticəsində 10 ildən sonra, 2030-cu ildə dünyada mövcud olan ixtisasların və peşələrin 80 faizinə ehtiyac olmayacaq.
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov media üçün keçirilən təlimdə çıxışı zamanı deyib. O bildirib ki, gələcəkdə əmək bazarında hansı peşələrə, ixtisaslara ehtiyac olacağını bu gün proqnozlaşdırmaq çətindir.

"Ona görə təhsil sistemi elə baza bilikləri verməlidir ki, gələcəkdə gənclər bazanı inkişaf etdirsinlər. Gəncləri müstəqil fəaliyyət göstərməyə istiqamətləndirməliyik. Aparılan islahatlar bu məqsədləri güdür".

Nazir müavini qeyd edib ki, təhsil sistemində müəyyən problemlər var ki, bunun da obyektiv və subyektiv səbəbləri var: "Cəmiyyəti narahat edən məqam şagirdlərin və müəllimlərin psixoloji durumunda problemin olması ilə bağlıdır ki, bu, psixi səviyyə gəlib çıxır. Biz buna həssaslıqla yanaşırıq. Azərbaycan məktəblərində 1 milyon 600 min şagird təhsil alır və onların özünəməxsus xarakterləri var. Tədqiqatlar göstərir ki, uşaq formalaşmış xarakterlə məktəbə daxil olur. Uşağın xarakteri 3-5 yaşda formalaşır. Ailələr, müəllimlər müxtəlifdir. Hər biri biz istədiyimiz kimi təlimi apara bilmirlər".

F.Qurbanov əlavə edib ki, orta məktəblərdə baş verən hadisələrə Təhsil Nazirliyi tərəfindən adekvat addımlar atılır.

"Gərginliyin aradan qaldırılması, məsuliyyətin gücləndirilməsi, təlim-tərbiyə ilə bağlı, xüsusi hallarla əlaqədar "qaynar xətt" yaradılır, tədbirlər planı həyata keçirilir. Məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz. Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Firudin-Qurbanov   Təhsil-Nazirliyi