Nazir AMAL-çı gənclərlə görüşüb - FOTOLAR

Nazir AMAL-çı gənclərlə görüşüb -    FOTOLAR
  30 May 2019    Oxunub:1447
Kənd təsərrüfatı naziri İnam Kərimov Lənkəranda AMAL-çı gənclərlə görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən görüşə Aqrar Məşğulluğun Artırılması Layihəsinə (AMAL) Neftçala, Lənkəran və Masallı rayonlarından qatılmış 200-dən artıq gənc iştirak edib.



Nazir İnam Kərimov ölkə başçısının Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrin fermerlərlə daimi ünsiyyət, aqrar sahədə düzgün idarəçilik və fəaliyyətdə müasir yanaşma olduğunu bildirib. “Bütün bu vəzifələrin icrasında bizim ən böyük gözləntilərimiz gənclərdəndir”, - deyən nazir AMAL layihəsinin də məhz bu vəzifələrin daha sürətlə icrası məqsədi ilə yaradıldığını qeyd edib.



“Hər hansı sahədə yeniliklərin, müasir texnologiyaların və yanaşmaların tətbiqi o sahəyə məhz gənclərin gəlişi ilə bağlıdır. Gənclərin aqrar sahəyə cəlb olunması onların məşğulluğunun təmin edilməsi ilə yanaşı, bu sahənin yenilənməsi, yeni sürətlə inkişafı üçün vacibdir” – deyə nazir vurğulayıb.



Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov region gənclərinin belə bir layihəyə cəlb edildiyi üçün kənd təsərrüfatı nazirinə təşəkkürünü bildirib. İcra başçısı gənclərin imkan və bacarıqlarını düzgün istiqamətə yönəltmək baxımından belə bir layihənin çox əhəmiyyətli olduğunu əlavə edib və AMAL-ın geniş hərəkata çevriləcəyinə əminliyini vurğulayıb.



AMAL layihəsini həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev tədbir iştirakçılarına layihə barədə geniş məlumat verib. 2018-ci ilin noyabrında elan edilmiş layihəyə ilkin mərhələdə 1000 nəfər seçildiyini, daha sonra isə 400 nəfərin növbəti mərhələyə keçdiyini qeyd edən agentlik sədri Neftçalada AMAL-ın “Gənc Fermerlər Proqramı”nın təlimini başa vurduqlarını deyib. Təlimdə iştirak etmiş gənclər biznes planlarını hazırlayaraq, seçim üçün təqdim ediblər.



Mirzə Əliyev Lənkərandan olan AMAL-çıların sitrus meyvələrin yetişdirilməsi ilə bağlı pilot layihəyə başladıqlarını bildirib.

Tədbirin sonunda AMAL layihəsinin iştirakçıları xatirə fotosu çəkdiriblər.

Azvision.az


Teqlər: İnamKərimov   Gənclər   Görüş   Lənkəran  





Xəbər lenti