“Azərbaycan sürətlə inkişaf edir” - Dünya Bankının rəsmisi

“Azərbaycan sürətlə inkişaf edir” -  Dünya Bankının rəsmisi
  03 İyun 2019    Oxunub:3451
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edərək, ötən dövr ərzində ölkəmizlə təmsil etdiyi qurumun səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Bu müddətdə ölkəmizin Dünya Bankı ilə əlaqələrinin çox uğurlu olduğunu deyən Mersi Tembon “Doing Business” hesabatında Azərbaycanın əhəmiyyətli dərəcədə irəli getməsini önəmli hadisə kimi dəyərləndirdi. Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqda böyük uğurlara nail olunduğunu xüsusi vurğuladı. Ölkəmizlə əməkdaşlığın perspektivlərinə toxunan Mersi Tembon qarşıdakı illər üçün növbəti sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında Dünya Bankının Azərbaycana məsləhətçi kimi dəstək verməyə hazır olduğunu dedi.

Qonaq qeyd etdi ki, artıq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində Dünya Bankı ekspertləri ilə ölkəmizin müvafiq strukturları arasında layihələrin hazırlanmasına başlanılıb. O, icbari tibbi sığorta və ədliyyə sahələrində də işlərin getdiyini bildirdi. Sonra Mersi Tembon Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösü təqdim edərək əminliyini bildirdi ki, gələcək illərdə də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam etdiriləcək.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsində Mersi Tembonun rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev ölkəmizdə Dünya Bankı ilə müxtəlif istiqamətlərdə, o cümlədən özünüməşğulluq, infrastruktur və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı əlaqələrimizin yeni səviyyəyə yüksəldiyini və qarşıdakı illərdə institusional islahatlar, iş yerlərinin yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması kimi istiqamətlərdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev islahatların nəticəsi olaraq “Doing Business” hesabatında ölkəmizin 25-ci yerə yüksəlməsini və Azərbaycanın 10 ən islahatçı ölkələr siyahısına daxil olmasını önəmli hadisə kimi dəyərləndirdi və qarşıda ölkə iqtisadiyyatının şaxələndirilməsi və daha da inkişaf etdirilməsi kimi mühüm vəzifələrin dayandığını dedi. Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösə fəaliyyətində uğurlar arzuladı.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti