Azərbaycan reaktiv təlim-məşq təyyarələri istehsal edə bilər

  04 İyun 2019    Oxunub : 1017
 Azərbaycan reaktiv təlim-məşq təyyarələri istehsal edə bilər
İyunun 4-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
MSN-dən Azvision.az -a verilən məlumata görə, qonaqları salamlayan Yəhya Musayev Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla ifadə etdi. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərindən və sahə üzrə əldə olunan uğurlardan danışdı. Yəhya Musayev “Leonardo” şirkətinin ötən il Bakıda keçirilən “ADEX-2018” sərgisində iştirakından məmnun olduğunu bildirdi.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparıldı. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olundu.

Nümayəndə heyətinin rəhbəri Lorenzo Mariani səmimi qəbula görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, “Leonardo” şirkəti Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya - Azərbaycan münasibətlərinə uyğun davam etdirmək və bu istiqamətdə öz töhfəsini vermək niyyətindədir. Görüşdən sonra nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində oldu.

Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir.

Azvision.az

Teqlər: MSN