“Avqustda temperatur 40 dərəcədən yüksək olacaq” - Umayra Tağıyeva

“Avqustda temperatur 40 dərəcədən yüksək olacaq” -    Umayra Tağıyeva
  04 İyun 2019    Oxunub:11843
"Bu ilin iyun ayında keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. Həftənin sonuna qədər hava şəraitində ciddi dəyişiklik olmayacaq və temperatur yüksək olacaq"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. ETSN rəsmisi bildirib ki, keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edib.

Onun sözlərinə görə, iyun ayının ilk günlərindən artıq ölkə ərazisində hava şəraiti isti keçir. Müqayisə aparsaq, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq 5-7 dərəcə yüksəkdir.

U.Tağıyeva qeyd edib ki, iyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul, avqust ayları üçün səciyyəvidir.

"İyun ayı üçün verilən proqnozda qeyd edilmişdi ki, bu ay həmişəkindən isti olacaq. Son illiklərdə hər il yüksək temperatur göstəriciləri iyul, avqust aylarında müşahidə olunub. Ona görə həm iyul, həm avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40 dərəcədən yüksək olacağı gözlənilir".

Departament direktoru vurğulayıb ki, yüksək temperatur qonşu ölkələrdə də müşahidə edilir. Belə ki, iyun ayının ilk günlərindən dayanıqlı cənub axınları ölkənin yerləşdiyi regionda tempetaturun yüksəlməsinə səbəb olub.

U.Tağıyeva artıq dəniz suyunun temperaturu barədə məlumatların verildiyini diqqətə çatdırıb.

"Adətən çimərlik mövsümü ilə bağlı dəniz suyunun temperaturu barədə məlumat iyunun 15-dən verilir. Lakin anomal isti hava şəraiti ilə əlaqədar dəniz suyunun temperaturu ilə bağlı açıqlama iyunun ilk gününə təsadüf etdi. Bu da insanların vaxtından əvvəl çimərliklərə üz tutmasına səbəb olur".

Departament direktoru, həmçinin isti hava şəraiti ilə bağlı tövsiyyə edib: "Ən yüksək temperatur 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq xüsusilə uşaqlar üçün təhlükəlidir. Ona görə insanları, yaşlı şəxsləri ehtiyatlı olmağa çağırırıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Hava   Umayra-Tağıyeva  





Xəbər lenti