General: “Döyüşlərdə veteranlarımız rəşadətlə vuruşublar” - VİDEO+FOTOLAR

  General:  “Döyüşlərdə veteranlarımız rəşadətlə vuruşublar” -    VİDEO+FOTOLAR
  07 İyun 2019    Oxunub:2594
Ramazan bayramı münasibətilə iyunun 6-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə iştirak edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev nazirliyin rəhbərliyi adından veteranları Ramazan bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı arzulayıb. Nazir müavini Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər, şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar barədə danışıb.



Qeyd olunub ki, ordu və cəmiyyət təmaslarının qurulmasının çoxşaxəli fəaliyyət istiqamətlərindən biri də bu cür görüşlərin təşkilidir. Bu kateqoriyadan olan şəxslərə diqqət və qayğının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan nazir müavini bu qayğının Azərbaycan Respublikasının müdafiəsinə, işğal edilmiş torpaqlarımızın azad edilməsinə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə yönəldiyini qeyd edib. General-leytenant K.Vəliyev bildirib:



“Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların, hərbi xidmət dövründə vəzifə borclarını yerinə yetirərkən əlil olmuş şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Qarabağ döyüşlərində veteranlarımız rəşadətlə vuruşublar. Sizlər hər zaman hərbi qulluqçularımıza nümunə olub, təcrübənizi cəbhə bölgəsində əsgərlərlə bölüşürsünüz. Odur ki, biz sizləri daim qorumalı, sosial təminat məsələlərinizi isə hər zaman diqqət mərkəzində saxlamalıyıq”.



Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev isə qeyd edib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. “Ulu Öndərimiz tərəfindən imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Bu istiqamətdə aparılan siyasət bu gün yeni mərhələyə qədəm qoyub.



Müharibə veteranlarının və əlillərinin, həmçinin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll olunması və hər cür qayğı ilə əhatə olunması ümummilli liderimizin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindəndir”.



Digər çıxış edənlər işğal olunmuş torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında azad edilməsi uğrunda döyüşlərə hər zaman hazır olduqlarını qeyd edib, müharibə veteranları, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbir iştirakçılarına Ali Baş Komandan adından Ramazan bayramı münasibətilə mükafatlar təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib.




Azvision.az


Teqlər: MN   Veteran  





Xəbər lenti