Məşhur avtoritet: “Atamı Mircəfər Bağırov bədbəxt elədi” – RETROKRİMİNAL

      Məşhur avtoritet:    “Atamı Mircəfər Bağırov bədbəxt elədi” –    RETROKRİMİNAL
  11 İyun 2019    Oxunub:19298
...Onun barəsində yazmaq üçün yaşadığı küçəyə üz tutdum. Evinin yerini öyrəndikdən sonra həyətə girib, qarşımdakı qapını döydüm. Bir kişi qapını açaraq, diqqətlə üzümə baxdı.
- Bağışlayın, "TT" Nəriman sizsiniz?
Qaşları düyünlənib, yuxarı dartındı. (Yəni, “hə, mənəm, sözünü de...”)
- Sizin haqqınızda kitab yazmaq istəyirəm.
Etinasız, soyuq baxışları boyumu ölçdü, gözləri qıyıldı. Sonra laqeyd formada məni içəri dəvət etdi.
Divarda iri çərçivədə 30-35 yaşlı kişinin fotoşəkli asılmışdı. Onunla üzbəüz divardakı şkafın aynasında isə 55-60 yaşlarında bir qadının şəkli vurulmuşdu.
- Anamdu... Bu da atamın mən anadan olan ili çəkdirdiyi şəkildir, - Nəzərlərini atasından çəkəndə artıq baxışları ciddiləşmişdi - 1923-cü il. Həmin vaxtdan çox keçib, mən isə elə bil dünən doğulmuşam. Vaxt bir göz qırpımında ötüşüb, elə bil, heç həyatda olmamışam.

İlk baxışdan məndə qaradinməz adam təəssüratı yaradan bu qoca cəld addımlarla mətbəxə tərəf yollandı. Mən isə ətrafa nəzər saldım. Hər yerdə qəzet, jurnal, kitablar vardı. Lap yanımda qutunun üstündə "Uzaq sahillərdə", bir az kənarda isə Nizaminin şerləri gözümə dəydi.
Qayıdıb qarşımda oturdu. Bu, arıq, ciddi sifət, bir-birinə sıxılmış dodaqlar, qıyılmış gözlər mənə kimi isə xatırladırdı. Bir an bir-birimizin gözlərinin içinə baxaraq oturduq...

- Uşaqlığınızı necə xatırlayırsınız?

- Mənim yaxşı, xoşbəxt uşaqlığım olub. On dörd yaşınacan. Sonra həyatımın qara günləri başlayıb. Anamın, bibimin danışığından məlum olur ki, mən doğulanda lap, həddən ziyadə arıq, balaca, yumaq kimi bir şey olmuşam, çəkim də iki kilodan az... Bələyə bürüyəndə anam qorxurmış ki, onun içində boğulub ölərəm. Hətta bir kərə bələyi açanda elə bilib ki, ölmüşəm, bərkdən qışqırıb. Bibim tələsik onun yanına gələndə heysiz, taqətsiz arvad heç nə danışa bilməyərək, barmağı ilə mənim qundağımı göstəribmiş. Bibim divardan güzgünü götürüb ağzıma-burnuma tutub, görüb ki, tərləyir. Sağ olduğumu, ölmədiyimi biləndən sonra anam ağlamağa başlayıb... sevincindən.

...Yenə durub mətbəxə keçdi. Çay gətirdi. Hərəkətlərindəki cəldlik, yerişindəki səlislik 76 yaşlı qocalarınkı kimi deyildi.
- Maşallah! Həzər maşallah, lap cavan oğlanlar kimi tərpənirsiniz.
Fəxrlə gülümsədi. Sağ əli ilə sol döşünü döyəcləyərək:
- Hələ zonda mənə deyirdilər ki, Nəriman, səndə bəbir cəldliyi, şir ürəyi, qartal gözü var. Özü də bunu hələm-hələm, uşaq-muşaq demirdi. Novxanılı Əhməd deyirdi, bütün sedmoy kolonun avtoriteti, mənim zənnimcə, ən böyük hörmət sahibi söyləyirdi.
Bu sözlərdən sonra gözlərini qıyaraq, xeyli fikrə getdi. O kişinin adını çəkəndə mənə elə gəldi ki, bir azacıq kürsüdən qalxdı, bəlkə də təzim etdi. Nəfəsi təngidiyindən hiss etdim ki, həyəcanlanıb.



...O, bir qədər dərin fikrə daldı və öz ömrünün tarixçəsini danışmağa başladı:

- O vaxt xanım-xatın qadınlar indiki dizdən yuxarı don əvəzinə, uzun, yerlə sürünən ətəklər geyərdilər, bir-birinin üstündən, müxtəlif rəngli. Anamın, bibimin ətəyindən tutub gəzəndən ta indiyədək, hər şey yadımdadır. Axşamadək bir arzu ilə yaşayırdım: atam işdən qayıtsın, çıxım onun dizi üstə oturum, o, məni qucsun... Çoxlu suallar verərdim atama. Bir dəfə o, çay içə-içə anama: "Nərgiz xanım, Nərimanı gərək lap yaxşı oxudam. Elə oxudam ki, məndən də böyük vəzifə sahibi olsun",- dedi. Anam da vüqarlı baxışlarını mənə zilləyib dilləndi: "Allah ağzından eşitsin, Ağarəhim... Bu dövləti ki, siz qurmusunuz, inşallah, hamının balası kimi bizim Nəriman da oxuyacaq... Nə qalıb, bir il sonra məktəbə gedəcək, bir də gözümüzü açacağıq ki, toyunu eləyirik".

Hər ikisi fərəhlə baxardılar mənə, şişərdim, böyüyərdim xoşbəxtliyimdən. Mən bir kərəm ölüb-dirilmişdim deyə, çox istəyirdilər məni. Atamın dizi üstə oturub, zillərdim gözlərimi üzünə. Hətta çayını içəndə də düşməzdim qucağından. O, məni özünə sıxaraq danışardı və mənə elə gələrdi ki, atamın bədəninə söykədiyim sağ böyrüm ləzzətlə gizildəyir, qızışır.

Məktəbə birinci dəfə gedəndə atam aparmışdı məni. Gül dəstəsini mən aparırdım, çantamı atam almışdı əlinə. Bir şer də öyrətmişdi mənə, ilk müəllim haqqında. Məktəbin həyətində toplantı vardı, direktor danışırdı. Sonra kimsə onun qulağına tərəf əyilərək, nə isə dedi və biz dayandığımız tərəfi göstərdi. Direktor (adı İsmayıl idi) tələsik, qaça-qaça atamın yanına gəldi, əlini sıxdı, deyəsən, əyilərək əlindən öpmək də istədi, ancaq atam əlini çəkdi.

O vaxt atam Bakı obkomunda (İcraiyyə Komitəsində) lap yüksək vəzifələrdən birini tuturdu.

- O...o! Ağarəhim müəllim... yoldaş Əliyev! Nə üçün burada dayanmısınız? Niyə məni xəbərdar etmədiniz ki, gəlmisiniz? Xahiş edirəm, mənim kabinetimə gedək. Sizin oğlunuzdurmu? Nə gözəl uşaqdır! Necə də ağıllı gözləri var... Xahiş edirəm, Ağarəhim müəllim, gedək mənim kabinetimə.
- Sizi Allaha and verirəm, öz işinizlə məşğul olun. Mən indi uşağı qoyub, işə getməliyəm.
- Bu dəqiqə, rica edirəm... Bala, adın nədir? - deyə direktor başımı sığalladı.
- Nəriman... Nəriman Əliyev Ağarəhim oğlu.
- Ay, adınla böyüyəsən! Gör, sənə kimin adını qoyublar?! Nəriman Nərimanovun! Gəl, gəl gedək, sənə sinfini, partanı göstərim.

...Bir gün atam evə çox pəjmürdəhal qayıtdı. Yenə çıxıb dizinin üstündə oturmuşdum. Sual vermək istədim, gördüm cavablandırmaq əhvalında deyil. Gözlərini çay stəkanına zilləyərək fikrə getmişdi.
Anam ehtiyatla bizə yanaşdı, him-cimlə mənə başa saldı ki, düşüm onun qucağından. Düşmədim.
- Ağarəhim, qurbanın olum, de görək nə olub, nə qəza baş verib?
- Heç..., heç nə, - dedi atam, gülümsədi, amma təbəssümünün süni çıxdığını hiss edib, döş cibindən bir şəkil çıxartdı.
Şəkildə atam və onun yanında dairəvi eynəkli bir kişi oturmuşdu. Qarşılarındakı stolda qəzet vardı.
- Bilirsən, bu kimdir?
Anam diqqətlə şəklə baxıb heç nə kəsdirə bilməyərək:
- Pomoşnikündü? - deyə soruşdu.
- Yox, bu, gözlüklü ilandır, yaramaz, xain, quldur, əclafın birisidir bu! - deyə hər dəfə pis adları sadaladıqca eynəklinin düz gözlərini barmağı ilə taqqıldadırdı.
- Bu əclaf başqalarını şərləməklə onları ləkələyir, kimi istəyirsə həbs etdirir - deyə atam hirslə oturduğu kürsüdən qalxaraq, məni yerə qoydu. Heç vaxt onu bu halətdə görməmişdim.
- Kimdir axı o gözlüklü? - soruşdum.
Anam da eyni sualı verdi. Atam nifrətlə:
- Mir Cəfər Bağırov. Cəllad, şorgöz, yaramaz, eşşəyin dal ayağı! - dedi.



1932-ci ilin payızı idi. Heç vaxt həmin ildəki qədər qara bulud görməmişdim. Hər gün axşam göyün üzü qaralır, həmin buludlardan daha tünd görünən atamın qaş-qabağı isə anamın canına vəlvələ salırdı.
Bir gün məktəbə gedirdim, birdən yadıma düşdü ki, perolu qələmimi evdə qoymuşam. Tələsik evə qayıtdım, otağa girib qələmimi götürdüm və... hönkürtü səsi eşitdim. Yataq otağına boylandım. Anam bibimlə qucaqlaşaraq, ağlayırdı. Onlar bir-birinin sözlərini kəsərək, ikisi də birdən danışır, Mir Cəfərə qarğışlar yağdırırdılar. Dörd ay idi atamın vəzifəsini aşağı salmışdılar.

Dərslər iki ay idi ki, başlamışdı, ancaq İsmayıl müəllim (direktorumuz) bircə dəfə də olsa sinfimizə gəlib atamdan hal-əhval tutmamışdı, hətta dəhlizdə məni görəndə üzünü yan çevirərək, özünü görməzliyinə vururdu. Evimizin sevincli günlərindən heç nə qalmamışdı.

Az sonra atamın vəzifəsini bir qədər də aşağı saldılar. İki il də bu minvalla yaşadıq. Atam həmişə qaşqabaqlı, anam gözüyaşlı, mən isə səksəkəli günlər keçirirdik. İki-üç il əvvəlki şən həyatımız sanki nağıl idi...

"TT" Nəriman gah atasının, gah da anasının şəklinə baxaraq, fikrə daldı. Əlləri titrəyir, dodaqları əsirdi. Yenidən üzünü mənə çevirib baxanda gözlərindən nəmli pərdə asılmışdı. Sual verə bilməzdim... Bilirdim ki, ürəyi doludur, özü danışacaq.

- Həmişə qonaq-qaralı olan evimizdən elə bil ayaq kəsilmişdi. Məhəllədə hər axşam taxta-tuxta, çör-çöp yığıb tonqal qalayır, uşaqlarla oturub ordan-burdan danışardıq. Balaca bir küçük peyda olmuşdu küçəmizdə. Tonqal qalanan kimi qaçıb gələrdi yanımıza, gah onun ayaqlarına sürtünərdi, gah bunun... və təpik yeyərək, vəngildəyirdi. Axırda gəlib ayaqlarıma söykənərək, oturdu. Onu kənara itələməyəcəyimi hiss edib, üzümə baxdı. Əlimlə başına tumar çəkdim, gözlərini yumub, daha rahat uzandı. Sonralar birbaşa üstümə gələrdi, yəqin, iyimi almışdı. Çox vəfalı it idi. Fikirləşdim ki, o küçük, qabaqlar "əmi", "dayı" dediklərim-dən daha təmizdir, çünki azacıq yaxşılığı başa düşəndir…

Bəhram Çələbi
Azvision.az üçün


Teqlər: Avtoritet   Kriminaldünyası   TT-Nəriman  





Xəbər lenti