Fransadan ermənilərə növbəti zərbə: Daha 4 xartiya ləğv edildi

  13 İyun 2019    Oxunub : 1369
 Fransadan ermənilərə növbəti zərbə: Daha 4 xartiya ləğv edildi
Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub.
Bu barədə Fransadakı erməni diasporunun media orqanlarından olan "Nouvelles d'Armenie" saytı məlumat yayıb. Məlumatda Qrenobl məhkəməsinin 4 “dostluq xartiyası”nı ləğv etdiyi bildirilir. Vurğulanır ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.

Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir.

«Serji Pontuaz (Cergy Pontoise) İnzibati məhkəməsinin qərarından sonra Qrenobl şəhərinin İnzibati məhkəməsi də məntiqi olaraq Drome departamenti ilə Azərbaycanın işğal olunmuş torpağında yerləşən inzibati bölgələr arasında imzalanmış 4 xartiyanı ləğv edib. Azərbaycanın ədalətə nail olmağından məmnunluq duyuruq».

Azvision.az xəbər verir ki, bunu Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel deyib.

Jan-Fransua Mansel bildirib ki, Drome departamenti və Valans, Bur-dö-Valans və Bur-dö-Peaj inzibati bölgələrinin sakinləri Azərbaycanın 27 ildir Ermənistan tərəfindən işğal olunması, 600-dən çox dinc sakinin qətlə yetirilməsi, beynəlxalq hüquq normalarının pozularaq, ölkənin 20% torpağının işğal olunması, öz evlərindən qovulan və hər şeylərini itirən 1 milyon insan haqqında gerçəklikləri getdikcə daha çox öyrəndiklərini deyib: «Biz aydınlaşdırmağa çalışırıq ki, rəsmi şəxslər hansı səbəbdən tarixi həqiqəti inkar etməyə, bir xalqın əzablarını unutmağa çalışırlar? İnsanları da bu səbəbləri araşdırmağa çağırırıq».

Günel İbrahimova
Azvision.az

Teqlər: Fransa   Ermənistan   Qarabağ