ASAN Beynəlxalq Assosiasiyası təsis olunacaq - (VİDEO)

ASAN Beynəlxalq Assosiasiyası təsis olunacaq -  (VİDEO)
  20 İyun 2019    Oxunub:15067
“24-26 iyun tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək”
Azvision.az xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev qeyd edib ki, 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur: “Bu Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq”.



Dövlət Agentliyinin sədri bildirib ki, dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forumda BMT Baş katibinin müavini cənab Lui Zenmin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak edəcəklər: “Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır”.

Ü.Mehdiyev vurğulayıb ki, forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.

O, əlavə edib ki, formun Azərbaycan üçün bir çox əhəmiyyəti var: “Forum imkan verəcək ki, Azərbaycan bu sahədə apardığı islahatları, gördüyü işləri nümayiş etdirsin, təbliğatını aparsın, eyni zamanda "ASAN Xidmət" modelini forumda iştirak edən nümayəndələrə əyani nümayiş etdirəcək. Azərbaycan tərəfi bir sıra ölkələrlə "ASAN Xidmət" modelinin tətbiqi ilə bağlı sazişlər imzalayıb. Amma bu Forum bizə imkan verəcək ki, daha geniş formatda, təqdimatla yox, əyani şəkildə "ASAN Xidmət" modelini təqdim edə bilək. Bu da Azərbaycanın intellektual məhsulu kimi "ASAN Xidmət"in ixrac edilməsinə çox böyük töhfə verəcək”.

Ü.Mehdiyev deyib ki, forum çərçivəsində yeni beynəlxalq təşkilat yaradılacaq: “Azərbaycan tərəfinin təşəbbüsü ilə dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası təsis olunacaq. Yəni bütün ölkələrdə ayrı-ayrı qurumlar dövlət xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıblar. Forum çərçivəsində həmin qurumların birgə Assosiasiyası yaradılacaq və adı da ASAN olacaq. Məqsəd dövlət xidmətləri sahəsində ASAN standartları əsasında təcrübə mübadiləsini həyata keçirmək, Ekspertlər Şurasını yaratmaq və ekspertlər vasitəsilə ayrı-ayrı ölkələrdə dövlət xidmətlərini qiymətləndirmək, həmin ölkələrdəki uğurlu həllərin digər ölkələrdə tətbiqinə nail olmaqdır. Azərbaycan tərəfi insanların həyatını asanlaşdıra biləcək missiyanı öz üzərinə götürüb və BMT tərəfindən bu dəstəklənib. Forumm çərçivəsində belə bir beynəlxalq təşkilat yaradılacaq. İlk olaraq bu protokol 8 ölkə tərəfindən imzalanacaq. Daha sonra digər ölkələr də bu təşkilata qoşulacaq”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: BMT   ASAN-Xidmət   Ülvi-Mehdiyev  





Xəbər lenti