Tbilisidə etirazlara səbəb olan rus deputat: “Plakatlar əvvəldən hazırlanmışdı”

Tbilisidə etirazlara səbəb olan rus deputat:  “Plakatlar əvvəldən hazırlanmışdı”
  21 İyun 2019    Oxunub:3547
Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Gürcüstan parlamentində spikerin yerində oturması ilə bağlı qalmaqala münasibət bildirib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, deputat həmin yerin ona Gürcüstan tərəfindən tədbirin protokoluna uyğun razılaşmaya əsasən təklif edildiyini deyib.
Onun sözlərinə görə, başqa ölkələrdə də fəxri kürsülərdə əyləşib və heç vaxt problem yaşanmayıb.

“Baş Assambleyanı yalnız pravoslavların parlamentlərarası assambleyasının rəhbəri idarə edir, yəni mən. Onu da vurğulayım ki, bu yüksək kürsüdə mən Yunanıstan, Livan parlamentində də oturmuşam və heç bir problem olmayıb. Düzdür, balaca taburetdə də oturub işləyə bilərəm. Mən təvazökar adamam və xüsusi şeylər dalınca qaçmıram", - deyə deputat vurğulayıb.

Bundan başqa, S. Qavrilov mətbuatda onun Abaxaziyada döyüşməsi barədə yayılan məlumatları yalan və təxribat adlandırıb.

"Bir daha bəyan edirəm ki, heç vaxt Abxaziyada və ya başqa bir ölkədə hərbi əməliyyatlarda iştirak etməmişəm. Heç vaxt, heç bir yerdə döyüşlərdə olmadım, silah istifadə etmədim".

Deputat Gürcüstan parlamentində iclasın yarımçıq saxlanılmasının əvvəlcədən düşünülmüş plan olduğunu deyib. Onun sözlərinə görə, aksiya ingilisdilli təlimatçılar tərəfindən idarə olunub: “Hesab edirəm ki, bu aksiyanın məqsədi Rusiya ilə münasibətləri gərginləşdirmək idi”.

Rusiyalı deputat hesab edir ki, etirazçıların əvvəlcədən hazırlanmış plakatları, şüarları olub. İclas isə başlanğıc üçün bir bəhanədir.

Qeyd edək ki, dünən Rustaveli prospektində minlərlə insan rusiyalı deputatların Gürcüstana səfərinə etiraz edərək aksiya keçirib. Hökumətin istefasını tələb edən aksiya iştirakçıları ilə polislər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: SergeyQavrilov   Rusiya   Gürcüstan  





Xəbər lenti