“Facebook” öz valyutasını yaradır: Həyatımız necə dəyişəcək? – TƏHLİL (VİDEO)

      “Facebook” öz valyutasını yaradır:    Həyatımız necə dəyişəcək? –    TƏHLİL (VİDEO)
  23 İyun 2019    Oxunub:9263
“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq “Libra” adlı yeni kriptovalyuta buraxmaq planlarını açıqlayıb. Bundan sonra ABŞ-ın maliyyə orqanları və Konqres ciddi narahat olublar, hətta layihənin dayandırılması da tələb olunur. Dünyanın digər ölkələrinin mərkəzi bankları da narahatçılıqlarını açıqlayıblar. Niyə? Feysbukun öz valyutasına sahib olmaq niyyəti doğrudan da təhlükəlidirmi və dünyada hansı yeniliklərə, problemlərə gətirib çıxara bilər?
Artıq indidən bir çox ekspertlər dünya maliyyə sisteminin gələcəyinin virtual valyutalarda olduğunu iddia edirlər. “Visa,” “MasterCard” və “PayPal” kimi ödəmə nəhəngləri hər saniyə kriptovalyutalarla on minlərlə tranzaksiya həyata keçirir. Bu, maliyyə sisteminin gələcəyindən xəbər verən ən yaxşı göstəricidir.



Mark Zukerberqin planlaşdırdığı Libra (“tərəzi”) adlı kriptovalyuta yığım yox, dövriyyə və ödəniş vasitəsi kimi nəzərdə tutulur. Məsələn, kinoteatrda bilet alanda, yaxud Uber-dən taksi çağıranda sadəcə Facebook Messengerə, yaxud, WhatsApp-a girib, oradanca lazım olan məbləği Libra ilə qarşı tərəfin hesabına köçürə biləcəksiniz.



“The Wall Street Journal” yazır ki, Libra “sadə istifadəçilər üçün etibarlı blokçeyn alqoritminə və möhkəm aktivlərə əsaslanan təhlükəsiz ödəmə vasitəsi” olacaq. Bu isə rəqəmli valyutaların gələcəyi baxımından həlledici addım sayıla bilər. Çünki digər kriptovalyutalar investisiya vasitəsi kimi yerlərini tapa bilsələr də, hər halda, sadə insanlar üçün aktiv ödəmə vasitəsinə çevrilə bilməmişdilər.

Qeyd edək ki, Facebook “Visa”, “MasterCard”, “PayPal”, “eBay” və bir sıra digər iri şirkətləri artıq layihəyə cəlb edə bilib. Libra ilə bağlı məsələləri həll etmək üçün “Calibra” adlı törəmə şirkət də yaradılıb. Qeyd olunur ki, Libra – dünyada ilk rəqəmli sosial valyutadır, məqsəd – bank hesabı, kartı olmayan, amma sosial şəbəkələrdən istifadə edən insanlara da nağdsız ödəmə imkanları yaratmaqdır. Bundan başqa, Libra – xaricə pul köçürmək üçün ideal kanal olacaq: Sadəcə messencerdən messencerə, yaxud WhatsApp-dan WhatsApp-a köçürülən, konvertasiyasına ehtiyac duyulmayan bir valyuta təsəvvür edin...



ABŞ hökumətini narahat edən də elə budur: Dollara real alternativin yaradılması. Çünki qlobal maliyyə axınlarının dollara nəzarət edən qurumların əlindən çıxıb, Facebook-un nəzarətinə keçməsi tamamilə real görünür. “Hazırda kriptovalyuta bazarının aydın normativ-hüququ bazası yoxdur. Ona görə də, investorların, istehlakçıların, iqtisadiyyatın necə qorunacağı bəlli deyil. Tənzimləyici orqanlar bunu ciddi siqnal kimi qəbul etməli və geniş təhlükəsizlik problemi olaraq, nəzərdən keçirməlidirlər”,- deyə ABŞ Konqresinin Maliyyə Xidmətləri Palatasının sədr müavini Maks Uoters CNN-ə bildirib. O, həmçinin tələb edib ki, Facebook Libra-nın yaradılmasını dərhal dayandırmalıdır: “Bununla bağlı hökumət araşdırması başladılıb, tənzimləyici orqanlar isə cəld və aqressiv davranmalıdırlar”.

Belə görünür ki, Libra-nı qarşıda ABŞ-ın hüquq sistemilə ağır bir döyüş gözləyir, amma çətin ki, bu, onun qarşısını ala bilsin. İyulun ortalarında Senatda məsələ ilə bağlı növbəti dinləmələr olacaq. Bundan sonra Libra digər ödəniş sistemləri, hətta bu gün özünün yaradılmasında iştirak edən “Visa” və “MasterCard” ilə də rəqabət aparlamlı olacaq. Çünki geniş mənada götürəndə, onlarla da rəqibdir. Daha sonra qlobal müstəvidə çətinlikləri dəf etmək var: Artıq Britaniya bankı və Avropa Mərkəzi Bankı Libraya nəzarətin gücləndirilməli olduğunu bəyan ediblər.

Amma Libra-nın bütün bu əngəllləri aşa biləcəyi şübhə doğurmur: Bu gün Messenger və WhatsApp-ın iki milyarda yaxın istifadəçisi var və onların böyük bir qismi yeni kriptovalyutanın potensial kütləsidir. İşi qəlizləşdirən məqamlardan biri budur ki, öz adı ilə qeydiyyatdan keçməmiş istifadçilər də Libra göndərə və qəbul edə biləcəklər. Bu, kriminal pulların dövriyyəsi üçün yeni imkanlar yarada bilər.



Amma bu hüququ əngəlləri aşmaq üçün Facebook-un yaxşı imkanları da var. O, ən pis halda Libra-nı virtual valyuta yox, sosial şəbəkənin “sistemdaxili hesablaşma vahidi” elan edəcək. Nəzərdən qaçırmaq olmaz ki, Libra-nın arxasında Facebook-un dünyadakı nüfuzu, imkanları və reputasiyası dayanacaq və bu, hansısa “şübhəli” Bitcoin deyil... Hərçənd, maraqlıdır ki, Libra-nın yaradılması anons ediləndən sonra Bitcoin də kəskin bahalaşaraq, tarixi maksimumlarını keçdi və hazırda 10.000 dollara yaxınlaşmaq üzrədir. Etherium, XRP, LiteCoin və digər “kripto”lar da bahalaşıblar. Bu, o deməkdir ki, Zukerberqin qərarı ümumilikdə virtual ödəmə sistemləri bazarında ikinci baharın gəlməsinə səbəb olub.



Hər şey nəzərdə tutulduğu kimi getsə, Facebook artıq gələn il Libra-nı tətbiq edəcək. İsveçrədə yerləşən “Libra” Assosiasiyasına artıq 28 şirkət daxildir, amma gələn ilə onların sayı 100-ü keçəcək.

Beləliklə, Facebook öz imperiyasının sərhədlərini genişləndirir və həyatın digər, daha ciddi sahələrinə də nüfuz etməyə başlayır. Bu, şübhəsiz ki, yeni imkanlarla bərabər, yeni risklər və təhdidlər də doğuracaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Libra   Facebook   Kriptovalyuta  





Xəbər lenti