Sığorta sistemi dəyişir, yeniliklər tətbiq olunacaq

   Sığorta sistemi dəyişir, yeniliklər tətbiq olunacaq
  24 İyun 2019    Oxunub:2954
Sığorta bazarında yığımlar ildən-ilə artım trendi ilə müşahidə edilir.
Azvision.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta fəaliyyətinə nəzarət departamentinin rəsmisi Firdovsi Ağaşirinov deyib. O bildirib ki, 2014-cü ildə ÜDM-də sığortanın payı 0,74 % idisə, 2018-ci ildə bu rəqəm 0,91 %-ə qalxıb.

"Qeyri-neft sahəsində sığorta payı 2014-cü ildə 1,5 % idisə, 2018-ci ildə bu rəqəm 1,56 % olub. Adambaşına sığorta yığımları 2014-cü ildə 433 milyon manat idisə, 2018-ci ildə bu rəqəm 728 milyon manata çatıb. Ödənişlərin faizində də artım var. 2014-cü illə müqayisədə 2018-ci ildə sığorta ödənişləri 50 faiz artıb".

F.Ağaşirinov qeyd edib ki, yeni hazırlanan Tədbirlər Planı 2019-2021-ci illəri əhatə edəcək. Plan 5 hissədən ibarətdir. "Bunlar əsasən sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sığorta nəzarətinin gücləndirilməsi, sığorta sahəsində yeni mexanizmlərin yaradılması və digərlərindən ibarətdir. Tədbirlər Planında sığorta sahəsində yeniliklər əsasən risk əsaslı nəzarətin həyata keçirilməsi, sığorta qanunvericiliyin təkmilləşdirilməsi, aqrar sığorta sahəsində mexanizm, müştərək sığorta mexanizmi, sığortalıların elektron mərkəzi məlumat reyestri, mikrosığorta məhsulları, tikinti-inşaat zamanı tikinti aparan şəxslərin mülki məsuliyyətinin icbari sığortası növünün yaradılması, sığorta agentliklərinin peşə məsuliyyətinin sığortası növünün yaradılması, həkimlərin peşə məsuliyyətinin icbari sığorta növünün yaradılması, könüllü sığorta növləri üzrə qarantiya mexanizminin yaradılması, könüllü sığorta qaydalarının vahid formaya salınması, ölkə üçün katostrafik sayılan risklər üzrə daxil mexanizmlərin yaradılması imkanlarının dəyərləndirilməsi, sığorta sektoruna investisiya qoyuluşunun təşviqidir. Bunlardan irəli gələrək sığorta qanunvericiliyi təkmilləşdiriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sığorta   Sistem   Yenilik  





Xəbər lenti