“Sanksiyalar əvəzinə, danışmağı məsləhət görürlər” - Səməd Seyidov

  24 İyun 2019    Oxunub : 1145
 “Sanksiyalar əvəzinə, danışmağı məsləhət görürlər” - Səməd Seyidov
Ölkəm Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Təkcə Dağlıq Qarabağ regionu deyil, onun ətrafındakı 7 rayon da təcavüzkar Ermənistan tərəfindən işğal edilib. Avropa Şurasına üzv olanda düşünürdük, bu qurum işğalçı Ermənistana qarşı sanksiyalar qəbul edəcək və etməlidir. Ancaq heç nə olmadı.
Bu fikirləri AŞPA-nın yay sessiyasında "Səlahiyyətlər və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbul etmə prosesinin gücləndirilməsinə" dair müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

O deyib ki, Avropa Şurası sanksiyalar qəbul etmək əvəzinə, Azərbaycan ilə Ermənistanı çağıraraq müzakirələr aparmağı, bu vəziyyətdən çıxmaq üçün həll yolları tapmağı, danışmağı məsləhət görür. Onda bütün müvafiq ölkələrlə belə davranılmalı, çağırıb danışılmalıdır. Selektiv yanaşma nəyə lazımdır?! Problemləri olan ölkələr bir araya gəlib öz məsələlərini müzakirə etsinlər.

Bu gün Avropa Oyunları Belarusun paytaxtı Minsk şəhərində keçirilir. Belarus Avropa Şurasının üzvü deyil. Niyə bu ölkəni də bu Assambleyaya dəvət etmirik?

Belə çətin vəziyyətlərlə bağlı çıxış yolunun birlikdə tapılmalı olduğunu vurğulayan Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib: "Avropa Şurası nə isə etmək istəyirsə, ilk növbədə, bu ölkədə insan hüquqları pozulur, o ölkədə hər şey yaxşıdır, burada işğal var, orada hər şey yaxşıdır kimi selektiv yanaşmaları gündəliyindən çıxarmalıdır".

S.Seyidov bildirib ki, qurumda ikili standartlara son qoyulmalıdır. Bugünkü müzakirələr məhz ikili standartlardan irəli gəlir. Qurumun üzvü olan 47 ölkədə eyni problemlərlə bağlı eyni yanaşma tətbiq olunmalıdır. Bu, vəziyyətdən yeganə çıxış yoludur.

"Qaydaları dəyişməklə yerlərdə problemləri həll etmək olmaz. Yanaşma metodu dəyişməlidir. Əgər bu təşkilatın gələcəyi bizi narahat edirsə, buradakı yanaşmanı dəyişməliyik.

Qayda və prosedurları dəyişməklə bu təşkilatın davranışını dəyişmək çox çətindir. Ancaq məsələ qayda və proseslərin dəyişilməsi deyil. Söhbət dəyərlərdən də getmir. Əsas məsələ bu dəyərlərə yanaşmadadır", - deyə S. Seyidov vurğulayıb. (AzərTAc)

Azvision.az

Teqlər: Səməd-Seyidov   AŞPA