İŞİD-çilərin əsir saxlanılan uşaqları - Hamı onlardan imtina edir
Azvision.az xəbər verir ki, BMT-nin İnsan Haqları Ali Komissarı Mişel Baçelet düşərgələrdə saxlanılan və ittiham edilməyən əcnəbi vətəndaşları geri qaytarmaq üçün onların vətəndaşı olduğu ölkələrə çağırış edib.
Bəzi ölkələr bu düşərgələrdə olan vətəndaşlarını geri qaytarmaq istəmir. Səbəb olaraq prosesin çətinliyi və ictimaiyyətin İŞİD-çilərin geri qayıtmasına etirazı göstərilir. Hətta bəzi ölkələr Suriya və İraqda doğulan uşaqları vətəndaş olaraq qəbul etmirlər. Bu mənada Baçelet xüsusilə uşaqların hüquqlarının pozulduğunu vurğulayıb.
“Cəzası olmayan şəxslərin saxlanılması qəbuledilməzdir. Mühakimələr beynəlxalq müstəvidə olmadığı üçün bu insanlar ölkələrinə geri göndərilməlidir. Ölkələr Suriya və İraqda vuruşan vətəndaşlarının uşaqlarını da vətəndaş olaraq qəbul etməlidirlər, başqa cür ola bilməz. Hazırda çətin günlər yaşayan uşaqları vətənsiz buraxmaq düzgün deyil”.
BMT nümayəndəsi əlavə edib ki, İŞİD-çilərin orada 29 minə yaxın uşağı var. Uşaqların 20 minə yaxını iraqlı, qalanları isə 50 müxtəlif ölkələrin “döyüşçüləri”nin uşaqlarıdır. Fransa, Rusiya, Mərakeş, Səudiyyə Ərəbistanı, Avstraliya və Hollandiya bu günə qədər bəzi uşaqları geri qaytarıb.
Aytən Zəhra
Azvision.az