Qeyri-neft sektoru üzrə 5 ayın nəticələri - FOTO

  28 İyun 2019    Oxunub : 970
 Qeyri-neft sektoru üzrə 5 ayın nəticələri - FOTO
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8,6 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar və ya 17 faiz artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayına əsasən, bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin beş ayında qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları və ya 18 faiz artıb. Bu müddət ərzində Rusiyaya 261,2 milyon, Türkiyəyə 180,8 milyon, Gürcüstana 76,9 milyon, İsveçrəyə 52,9 milyon və İtaliyaya 28,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.



2019-cu ilin yanvar-may aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 17,2 faiz, Gürcüstana 16,7 faiz və İtaliyaya 2,3 dəfə artıb.

Cari ilin beş ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına tomat (104,2 milyon dollar) liderlik edib. Bu siyahıda mahlıc (68,1 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (62 milyon dollar) üçüncü yerdə qərarlaşıb.



Meyvə-tərəvəz ixracı 241 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 89,9 milyon, pambıq lifi ixracı 68,8 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 37 milyon, kimya sənayesi məhsullarının ixracı 30,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 25 milyon, pambıq ipliyi ixracı 12,3 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 11,8 milyon dollar təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında pambıq lifinin ixracı 2,7 dəfə, alkoqollu və alkoqolsuz içkilərin 93 faiz, pambıq ipliyinin 62 faiz, plastmas və onlardan hazırlanan məmulatların 52 faiz, meyvə-tərəvəzin və kimya sənayesi məhsullarının ixracı isə 27 faiz artıb.

Bu ilin mayında qeyri-neft sektoru üzrə ixrac 204 milyon dollar təşkil edib. 2019-cu ilin may ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 milyon dollar və ya 12 faiz artıb. Mayda qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 milyon dollar), Türkiyəyə (33 milyon dollar), Gürcüstana (14,6 milyon dollar), İsveçrəyə (8,2 milyon dollar) və İtaliyaya (6,6 milyon dollar) ixrac edilib.

2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (54,6 milyon dollar) birinci, kartof (20,2 milyon dollar) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (12,9 milyon dollar) üçüncü olub.

Azvision.az

Teqlər: İdxal   İxrac   Statistika