“Məqsədim 700 bal idi...” - 9 rekordçudan biri

  02 İyul 2019    Oxunub : 35861
 “Məqsədim 700 bal idi...” - 9 rekordçudan biri
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 23-də keçirilmiş qəbul imtahanında maksimum - 400 bal toplayan abituriyentlərdən biri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Sevər Cəfərlidir.
I ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən S.Cəfərli Azvision.az -a açıqlamasında bildirib ki, 700 bal toplamağı qarşısına məqsəd qoysa da, onu bu arzusundan cəmi 16 bal ayırıb.

Abituriyent ilk imtahanda həyəcanlı olduğundan bəzi sualları səhv yazdığını etiraf edib: "Maksimum bal topladığım üçün sevincliyəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Birinci imtahanda və buraxılış imtahanında həyəcanlı olduğum üçün bəzi səhvlər etdim. Lakin yay qəbul imtahanında artıq həyəcan yox idi. Bu səbəbdən sualları düzgün cavablandırıb, maksimum nəticə göstərdim. Məqsədim 700 toplamaq idi, amma 684.2 bal yığa bildim. Sınaqlarda həmişə yüksək nəticələr göstərmişəm".

S.Cəfərli Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir: "Hansı ixtisası seçəcəyimi hələ dəqiqləşdirməmişəm. Yəqin, informasiya təhlükəsizliyi olar".

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.

DİM-in yaydığı məlumata görə, imtahanda I ixtisas qrupu üzrə 7 abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

Ümumilikdə 9 abituriyent imtahanlarda maksimum nəticə göstərib.

Aytən Zəhra
Azvision.az

Teqlər: İmtahan   Qəbul