Goranboyda maddi mədəniyyət nümunələri tapılıb

Goranboyda maddi mədəniyyət nümunələri tapılıb
  04 İyul 2019    Oxunub:2901
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi tədqiqatların aparılmasına dair anlaşma memorandumuna əsasən, Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlara başlanılıb.
Azvision.az AMEA-nın saytına istinadən xəbər verir ki, beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər iştirak edir.

Arxeoloji tədqiqat işləri Goranboy rayonu ərazisində yerləşən, Eneolit dövründən Orta əsrlərədək bir neçə arxeoloji mədəniyyəti özündə əks etdirən Qaraçinar çoxtəbəqəli qədim yaşayış yerində aparılır.

Tarix üzrə fəlsəfə doktorları, arxeoloqlar - Bəxtiyar Cəlilov, Müzəffər Hüseynov və onların fransalı həmkarı Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi Eneolit, İlk Tunc, Antik və Orta əsrlər dövrlərini əhatə etməkdədir. Əldə edilən maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Eneolit və İlk Tunc dövrlərinə aid edilir. Arxeoloji qazıntılar zamanı abidənin İlk Tunc dövrü, Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi mədəniyyət nümunələri ilə yanaşı, çiy kərpicdən dairəvi formada inşa olunan tikili qalıqları da aşkar edilib. İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.

Qaraçinar qədim yaşayış yerində aparılan arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri hazırlanıb. Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər aparılıb və beynəlxalq laboratoriyalarda analiz etmək üçün müxtəlif artefaktlardan nümunələr götürülüb.

Qeyd edək ki, xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan ərazisində aparılan arxeoloji qazıntıların nəticələrinə dair beynəlxalq konfranslarda birgə elmi məruzələr edilməsi və nüfuzlu jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulur.

Azvision.az



Teqlər: Goranboy  





Xəbər lenti