“Düşmənə nə deyək, gözlə sonra müharibə edək?” - Ərdoğan

  04 İyul 2019    Oxunub : 1283
 “Düşmənə nə deyək, gözlə sonra müharibə edək?” - Ərdoğan
“Siz bir müştəri axtarırsınız, o müştəri çıxıb və ödəmələrini edib. Belə olan halda siz müştərinin malını necə verməyə bilərsiniz?”

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan ABŞ-ın “F-35” qırıcılarının satışını Türkiyəyə qadağan etməsini oğurluq adlandırıb.

“Bunun adı oğurluqdur. İndiyədək 1,4 milyon dollarlıq ödəmə etdik. Əsgərlərimiz generalların rəhbərlyi altında təlimə getdilər. 4-nü təslim etdilər, digərlərini buraxdılar. 116 ədəd “F-35” almaq üçün sözləşmə etdik. Biz həm də ortaq istehsalçıyıq. Bəzi hissələrini Türkiyədə istehsal edirik. Raket sahəsində biz “Patriot”ların müştərisi olmaq istədik, ancaq bu qarşılıqsız qaldıqda nə etməliyik? Başımızın çarəsinə baxmayaqmı? Düşmən hücum edərsə, onlara deyək gözləyin, bir yerdən müdafiə sistemi tapaq, sonra müharibə edək? Təcili tədbir görməliydik”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın 2020-ci il üzrə hərbi büdcəsi Türkiyəyə "F-35" qırıcılarının təhvil verməsini qadağan edir. Qanun layihəsi Nümayəndələr Palatasının üzvləri tərəfindən təsdiqləndikdən sonra ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanacaq.

Sənəddə, həmçinin bildirilir ki, Müdafiə Nazirliyi (Pentaqon) və dövlət katibi Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi almayacağına dair sübut təqdim edərsə, sənəddə istisna edilə bilər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan