Övladı tərəfindən tərk edilən kişi sığınacağa yerləşdirildi - FOTOLAR

  05 İyul 2019    Oxunub : 1308
 Övladı tərəfindən tərk edilən kişi sığınacağa yerləşdirildi - FOTOLAR
Bir neçə sosial şəbəkə səhifəsində və saytda Lənkəran şəhərində qeydiyatda olan, 1935-ci il təvəllüdlü, I qrup gözdən əlil Fayaz Baxış oğlu Məhərrəmovun yaşayış yeri olmadan Bakı şəhərində çətin həyat şəraiti keçirdiyi barədə yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib. O deyib ki, həmin ahıl şəxsin bildirdiyinə görə, uzun illər əvvəl övladı ona məxsus evi sataraq, onu biryolluq tərk etdikdən sonra belə çətin duruma düşüb. Bir müddət həbs həyatı yaşayıb, sonralar isə müxtəlif məkanlarda qalıb.



"Bu gün F.Məhərrəmov əməkdaşlarımız tərəfindən nazirliyin Sosial Sığınacağına gətirilib. Burada tibbi müayinədən keçib, stasionar şəraitdə zəruri sosial-məişət xidmətləri ilə təmin edilir. Onu da bildirək ki, F.Məhərrəmov hazırda yaşa görə əmək pensiyası ilə təmin olunur.



Eyni zamanda, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə də cari il aprelin 1-dən Prezidentin aylıq təqaüdünün təyin olunmasına başlanıb. I qrup gözdən əlil olan F.Məhərrəmovun da həmin aylıq təqaüdlə təmin olunması üçün artıq sənədləşmə işlərinə başlanıb. Həmçinin ötən üç ayın (aprel, may, iyun) ödənilməmiş təqaüdləri də toplam halda ona ödəniləcək".






Azvision.az

Teqlər: ƏƏSMN   Sığınacaq