Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələr - Uğur Hekayəsi

  06 İyul 2019    Oxunub : 1126
 Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələr - Uğur Hekayəsi
Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri gücləndirilir. Bundan başqa hazırda Avropa İttifaqına daxil olan ölkələrə aid 1600-ə yaxın şirkət Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksək səviyyəsindən xəbər verir. Lakin hər iki tərəf bununla kifayətlənmək niyətində deyil. Elə bu səbəbdən də tərəflər əməkdaşlığı daha da inkişaf etdirmək fikrindədirlər. Üzərində danışıqlar aparılan hərtərəfli əməkdaşlığa dair saziş də məhz bu amala xidmət edir.
Aİ-Azərbaycan əməkdaşlığından danışarkən İttifaqın həyata ölkəmizdə keçirdiyi layihələrdən söhbət açmaq yerinə düşər. Beləliklə Avropa İttifaqı təsnifatlandırsaq Azərbaycanda iki böyük proqram həyata keçirir. Bunlardan birincisi “Tvininq layihələri”, ikincisi isə “Regionların və kənd yerlərinin inkişafına dəstək” (SLRD) proqramıdır.



Hazırda Azərbaycanda başa çatmış “Tvininq layihələri”nin sayı 38-dir. Daha 10 layihənin icrası davam edir. Digər 1 layihə isə hazırlıq mərhələsindədir. Bu layihələr arasında daha çox diqqət çəkənlərdən biri “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” layihəsidir. Layihənin ümumi məqsədi strateji ekoloji siyasətin planlaşdırılması, uyğunluğa nəzarəti dəstəkləyən yüksəkkeyfiyyətli məlumatların təmin edilməsi və ekoloji monitorinq sisteminin gücləndirilməsi ilə Azərbaycanın ekoloji fəaliyyətinin təkmilləşdirilməsinə yardım etməkdir. Tvinninq layihəsinin fəaliyyətləri ətraf mühitin monitorinqinin və qiymətləndirmə metodologiyalarının müasirləşdirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək olacaq. Bura ekoloji məlumatların toplanması, emalı, ötürülməsi, təhlili və əlaqələndirilməsi üzrə qərar qəbulu üçün yüksəkkeyfiyyətli, etibarlı məlumat təmin edən informasiya sisteminin işlənib hazırlanması daxildir. Layihənin fəaliyyət istiqaməti havanın keyfiyyəti və hava emissiyalarını ön plana çıxarmaqla ətraf mühitin müxtəlif sahələrini əhatə edəcək. 2016-cı il noyabrdan başlanılan layihə gələn ilin yanvarında başa çatacaq. Layihə 1,4 milyon avroluq büdcə ilə AQTA 2012 proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.



Daha əvvəl qeyd etdiyim kimi ölkədə icra olunan digər mühüm və haqqında daha çox bəhs etmək istədiyimi “Regionların və kənd yerlərinin inkişafına dəstək” (SLRD) proqramıdır. Bu layihənin ümumi məqsədi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və davamlı regional inkişafa dəstək verməklə, regionlar arası sosial-iqtisadi fərqliliyin azaldılmasına töhvə verməkdən ibarətdir. Bu barədə jurnalistlərə daha müfəsssəl məlumat Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə Mingəçevirdə keçirilən “Avropa günləri” zamanı verildi. Həmin məlumatlandırma sessiyasında iştirak etdiyim üçün bu barədə məlumatı sizlərlə də bölüşmək istəyirəm.



İlk olaraq Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin(GİZ) həyat keçirdiyi Gəncə- Qazax iqtisadi rayonunda yerli və regional inkişafına dəstək (SLRD) layihəsi barədə məlumat verildi. Layihənin əsas məqsədinin həmin rayonlarda turizm və kənd təsərrüfatı sahələrini əsas götürərək, bu sahələrin inkişaf potensialının qiymətləndirilməsi, diaqnostikası və icra orqanları ilə yerli inkişaf proqramlarını işləməkdir. Ardınca Azərbaycan Gənclərinin Nəaliyyəti (JAA) Təşkilatının icra etdiyi orta məktəblərdə şagirdlərin maliyyə savadlılığının artırılmasına dair layihəsi, “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi”, Qəbələ, ismayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təlimi platformalarının yaradılması, “Lənkəran İqtisadi Rayonunda regional model peşə təhsili Mərkəzinin yaradılması”, “Kür çayının idarə olunması planının hazırlanması” layihələri, Gəncədə sənaye üzrə regional peşə mərkəzinin yaradılmasına dəstək layihəsi (BMT-nin İnkişaf Proqramı-UNDP) və digərləri barədə məlumatlar verilib. Xüsusi vurğulanmalıdır ki, İttifaq rəsmiləri vaxtaşırı, şəxsən nümayəndəliyin rəhbəri, səfir Kestutis Yankauskasın başçılığı ilə nümayəndə heyəti layihələrin icrası ilə maraqlanır.



Bu məqamda daha bir maraqlı layihə, Azərbaycanın Daşkəsən, GoranboySamux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı”(SEEDS) layihəsi barədə məlumat verim. Çünki bir qədər öncə vurğuladığım məqamın məntiqi təsdiqi kimi bu çox yerinə düşəcək. Çünki Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İttifaqa üzv bir qrup dövlətin Azərbaycandakı səfirləri Samux rayonuna işgüzar səfər edərək layihənin icrası ilə şəxsən maraqlanıblar və həmin səfər zamanı onları müşaiyət edən media mənsubları arasında idim. Samuxun Sarıqamış kəndinə yollananan heyət kənd camaatı ilə görüşüb, layihə çərçivəsində verilən dəstəyin nəticələri ilə maraqlandılar. Səfər zamanı heyət kənddə qurulan və kənd camaatının istehsal etdiyi məhsulların satış sərgisin ilə də tanış olublar.



Burada qısa bir uğur hekayəsi ilə tanış olsaq, bütün söylədiklərimiz bir daha təsdiqini tapmış oalcaq. SEEDS layihəsinə cəlb olunan Sarıqamış kəndinin sakini Zülfiyyə Nəbiyeva deyir ki, əvvəlcə 5 ay ərzində layihənin təşkil etdiyi peşə bacarıqların artırılması təlimində iştirak edib. Təlimdən əlavə ona avadanlıq, elektrik peçi, müxtəlif lazım olan ləvazimatlar da alınıb. Əvvəllər evdə bişirdiyi məhsulları pərakəndə şəkildə payladığını deyə Zülfiyyə xanım indi təlimlərdə öyrəndikləri ilə əsasən hazırladığı un məmulatlarını, bişirdiyi şirniyyat məhsullarını mağazalara sifariş əsasında verir. Özü deyir ki, artıq müəyyən gəlirləri var, sistemli, qənaətli iş görür. O, layihə icraçılarının, təşkilatların ona hər mənada dəstək verdiyini vurğulayıb.

Yazı Avropa İttifaqı Azərbaycan: “Əməkdaşlığın Üfüqləri” müsabiqəsinə təqdim edilir.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: