127 ton ət, 400 ton kartof, 3 ton içki - Məhv edilən malların statistikası

   127 ton ət, 400 ton kartof, 3 ton içki -  Məhv edilən malların statistikası
  09 İyul 2019    Oxunub:2229
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlamalar nəticəsində bir il ərzində istehlak üçün yararsız 127 821 kiloqram qida məhsulu və 3620 litr içki məhv edilib.
Azvision.az xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il ərzində 96 177 kiloqram məhsul zərərsizləşdirilib:

"1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib. AQTA tərəfindən həyata keçirilən yoxlamalar zamanı insan həyatı və sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 134 təsərrüfat subyekti haqqında 140 məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərar qəbul edilib".

Sədr qeyd edib ki, ötən müddətdə karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəsizliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları İran və Gürcüstana geri qaytarılıb:

"Həmçinin aşkar olunan zərərli orqanizmlə bağlı 255,9 ton məhsul məhv edilib və 390 nəqliyyat vasitəsi, habelə 838,092 ton və 187164 m3 məhsul müxtəlif üsullarla zərərli maddələrdən təmizlənib. Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyası və regional sınaq laboratoriyalarında patoloji material nümunələrinin ekspertizası həyata keçirilib və aparılmış təhlillər nəticəsində 4218 (4%) halda infeksion və invazion xəstəliklər aşkar edilib.

Laboratoriya müayinələrinin nəticələrinə görə 1958 halda invazion xəstəliklər, 1562 halda brusellyoz, 225 halda xlamidioz, 287 halda pasterellyoz və 67 halda quduzluq xəstəlikləri aşkarlanıb. Fitosanitar nəzarəti sahəsində pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə operativ nəzarətin təmin olunması üçün Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Agentliyin mütəxəssislərindən ibarət Ekspert Şurası və İnventarlaşdırma Komissiyası yaradılıb".

Agentlik sədri hesabat dövründə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 29263 müraciət daxil olduğunu vurğulayıb. "Müraciətlərə əsasən ümumilikdə 848046 nümunə müayinələrə cəlb edilib. Bunlardan 61120 ədədi idxal, 548274 ədədi ixrac, 45748 ədədi aparılmış monitorinqlər, 40288 ədədi fərdi istək, 216 ədədi şikayət və 152400 ədədi digər növ əməliyyatlar üzrə daxil olmuş nümunələrdir.

Bioloji fəallığa malik qida əlavələrinə nəzarət məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla 22 təsərrüfat subyektində yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində 9 sahibkarlıq subyektinə 16000 AZN cərimə tətbiq edilib, 14 inzibati xəta haqqında protokol tərtib olunub və 21 adda məhsul dövriyyədən çıxarılıb. Ölkəyə “bioloji fəallığa malik qida əlavəsi” adı altında idxalı nəzərdə tutulan, lakin Səhiyyə Nazirliyinin rəyi əsasında dərman vasitəsi olduğu aşkarlanmış 50 adda, həmçinin təhlükəsizlik tələblərinə cavab verməyən 15 adda məhsulun idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib".


Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti